AZE | РУС
 
FOTO QALEREYA
Azərbaycan iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsi cəmiyyətin demokratikləşməsi üçün geniş imkanlar açır

Möhtərəm İlham Əliyevin bildirdiyi kimi, «Harada ki, demokratiya inkişaf edib, o ölkələr iqtisadi cəhətdən qabağa gedib, harada ki, demokratiya inkişaf etməyib, orada iqtisadiyyat zəifdir. Bu məsələdə heç bir təbii ehtiyat - neft, qaz böyük rol oynamır, onlar müvəqqəti amillərdir».

Ziyad Səmədzadə, Milli Məclisin komissiya sədri:
- Son illər uğurla həyata keçirilən islahatlar nəticəsində ümumi daxili məhsul istehsalına görə dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilən, qlobal enerji və kommunikasiya layihələrinin gerçəkləşdirilməsində mühüm rol oynayan Azərbaycanın qloballaşan dünyaya inteqrasiya kursuna sadiqliyi, regionda baş verən proseslər beynəlxalq ictimaiyyətin diqqətini həm də ölkədəki demokratikləşmə proseslərinə yönəldir. Neft gəlirlərindən əldə olunan külli miqdarda vəsaitin respublikamızda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesinin daha da sürətləndirilməsinə, insan amilinin yüksəlişinə yönəldilməsi demokratiya sahəsində böyük təcrübəsi olan dövlətlər və ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır. Fevralın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı"nın 4-cü ildönümünə həsr olunmuş konfransda dövlət başçısı bir daha bəyan etdi ki, həyata keçirilən səmərəli iqtisadi siyasətin nəticəsi kimi respublikamız regionda lider mövqeyini qoruyub saxlayır. Azərbaycanın uzaq hədəflərə hesablanmış, düşünülmüş inkişaf strategiyası var.
2008-ci ildə Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun 4500 dollar təşkil edəcəyi gözlənilir. Orta hesabla bu göstəricinin ildə 20 faiz artdığını nəzərə alsaq, qarşıdakı 5 ildə bu rəqəmin ən azı 10 min olacağı şübhə doğurmur. Respublika iqtisadiyyatında baş verən köklü dəyişikliklər demokratikləşmə proseslərinin inkişafına da müsbət təsirini göstərir. Əlverişli coğrafi məkanda yerləşməklə Şərqlə Qərbi qovuşduran müstəqil respublikamızın qloballaşan dünya iqtisadiyyatında rolu, beynəlxalq iqtisadi münasibətlər sistemində layiqli yerini tutması, bütün sahələrdə sürətlə inkişaf edərək milli maraqlarını istənilən səviyyədə qoruması, neft gəlirlərindən innovasiya və informasiya iqtisadiyyatının yaranması naminə səmərəli istifadə olunması, habelə cəmiyyətin mənəvi, sosial və intellektual dəyərlərinin inkişafı məsələləri alimlərimiz, filosoflarımız qarşısında mühüm vəzifələr müəyyənləşdirir. Mühüm vəzifələrdən biri, həmçinin dinamik iqtisadi inkişaf ilə demokratikləşmə və vətəndaş cəmiyyətinin formalaşdırılması arasında qarşılıqlı əlaqə və asılılığın daha da möhkəmlənməsi, yaxın və uzaq gələcəyə inkişaf strategiyasının müəyyənləşdirilməsi istiqamətində görülən işlərin elmi-metodoloji əsaslarının təkmilləşməsi məsələlərinə diqqətinin artırılmasıdır. Bu baxımdan, Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" sərlövhəli məqaləsi Azərbaycanın gələcək inkişaf strategiyasının dərin fəlsəfi və iqtisadi təhlilinə əsaslanan sanballı tədqiqat əsəri kimi elmi-siyasi dairələrdə böyük rezonans doğurmuşdur.
Akademik Ramiz Mehdiyev respublikamızın müstəqillik qazandıqdan sonra qısa zaman kəsiyində keçdiyi inkişaf yoluna elmi-fəlsəfi prizmadan nəzər salmış, demokratikləşmə və iqtisadi inkişaf proseslərini vəhdətdə götürməklə modernləşmə xəttinin mahiyyətini açmışdır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan dövləti qısa bir zaman kəsiyində böyük bir inkişaf yolu keçmişdir. Ayrı-ayrı ölkələr bu inkişaf yolunu bir sistemdən digərinə təkamül yolu ilə keçdiyi halda, Azərbaycan təkcə XX əsrdə dörd iqtisadi sistem şəraitində formalaşıb. 1918-ci ilə qədər, yəni Azərbaycan Xalq Cümhuriyyətinə qədərki dövr, 1918-ci ilin mayından 1920-ci ilin aprelinə qədər, yəni Azərbaycan Xalq Cümhuriyyəti dövrü, 1920-1991-ci illər Sovet dövrü -tamamilə fərqli bir sistem və nəhayət, 1991-ci ildən sonra Azərbaycanın müstəqillik dövrü - yeni bir iqtisadi sistem.
Azərbaycanın tarixi reallıqlar üzündən XX əsrdə 4 ictimai-iqtisadi formasiyanı keçmək məcburiyyətində qalması respublikamızın inkişaf imkanlarından istifadəyə, heç şübhəsiz ki, təsirini göstərmişdir. Avropanın əksər dövlətlərində qısa zaman kəsiyində belə sistem dəyişiklikləri baş verməmişdir. Hər bir qlobal dəyişiklik isə təkcə cəmiyyətin iqtisadi inkişafında deyil, həm də ictimai münasibətlər sistemində böyük dəyişikliklər deməkdir. Qürur doğuran haldır ki, biz millət olaraq bu dəyişikliklər şəraitində milli "Mən"imizi, milli özünəməxsusluğumuzu qoruyub saxlamağı da bacarmışıq.
Müstəqillik illərində Azərbaycanın özünəməxsus iqtisadi inkişaf modelinin formalaşması, demokratik həyat tərzinin diktə etdiyi reallıq kimi azad bazar iqtisadiyyatına keçidin təmin olunması, iqtisadi, siyasi və hüquqi islahatların dönmədən davam etdirilməsi məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Akademik Ramiz Mehdiyev "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" əsərində bu gerçəkliyə əsaslanmaqla son 4 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən iqtisadi və demokratik islahatların nəzəri əsaslarını elmi-fəlsəfi kontekstdə təhlil etmiş, qloballaşma dövründə respublikamızın milli inkişaf xüsusiyyətlərinin mahiyyətini açmışdır. Azərbaycanın ictimai-siyasi həyatında uzun illər fəal və qətiyyətli mövqeyi ilə seçilən, dövlət idarəçiliyində mühüm yer tutan nüfuzlu bir alimin yüksək elmi dəyərə, məzmun yükünə malik düşüncələri bütövlükdə müasir fəlsəfi-siyasi fikrin düzgün istiqamətdə formalaşması baxımından da çox əhəmiyyətlidir.
Əsərdə uzun illər Azərbaycanın ictimai-siyasi həyatında prinsipiallığı ilə yüksək səviyyədə iştirak edən bir alimin, dövlət və ictimai xadimin düşüncələri öz əksini tapıb.
Akademik Ramiz Mehdiyev haqlı olaraq vurğulayır ki, demokratiya zorla kənardan tətbiq edilən proses deyil, hər bir dövlətin buna təbii olaraq qovuşması məqsədəuyğundur. Demokratiya hər bir ölkənin daxilində təkamül nəticəsində, iqtisadi inkişaf proseslərinin nəticəsi kimi ortaya çıxmalıdır. Azərbaycanın hazırkı uğurları isə demokratik transformasiyanın uğurla gerçəkləşməsinə - yeniliklərin adekvat dərkinə şərait yaradır.
Akademik Ramiz Mehdiyev haqlı olaraq bildirir ki, kasıb ölkələr daim demokratiyaya can atsalar da, buna nail olmamışlar. Siyasi toqquşmalar, dövlət çevrilişləri, vətəndaş müharibələri, ağır fəlakətlər iqtisadi cəhətdən inkişaf etməmiş dövlətlərdə baş verir. Aparılmış tədqiqatlar da göstərir ki, son 30 ildə varlı və kasıb ölkələr arasındakı nisbət dəyişməmişdir. Əksinə, bu gün inkişaf etmiş 7 aparıcı dövlətin payına dünya üzrə daha çox ümumi daxili məhsul, investisiya, yüksək yaşayış təminatları düşür. Bu tarazlıq yalnız hər bir dövlətin milli mənafelərinin nəzərə alınması şərtilə təmin oluna bilər. Hesab edirəm ki, tədbirdə iştirak edən hörmətli iqtisadçılarımız bu barədə öz fikirlərini söyləyəcəklər.
Professor Müşfiq ATAKİŞİYEV: Dəyirmi masanın bir spesifik xüsusiyyəti ondan ibarətdir ki, orada müzakirələr qarşılıqlı müdaxilə şəraitində aparılır. Xahişim ondan ibarətdir ki, çıxışlarımızı bir-birimizin fikirlərinə müdaxilə etmək, dialoq şəklində davam etdirək.
Hörmətli Ziyad müəllim, hörmətli həmkarlarım, mən öz fikirlərimi de¬mə¬mişdən əvvəl bugünkü tədbirin xarakteri ilə əlaqədar bir neçə kəlmə söz demək istəyirəm. Ümumiyyətlə, Ziyad müəllimlə bizim fikrimiz belə oldu ki, Azərbaycanda gedən iqtisadi proseslərə münasibət bildirmək üçün belə dəyirmi masaları daha tez-tez keçirək və həm də bu istiqamətdə alimlərimizin çevikliyini gücləndirək.
Bildiyiniz kimi, hörmətli akademik Ramiz Mehdiyevin «Azərbaycan» qəzetinin 16 yanvar 2008-ci il tarixli sayında «Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti» adlı məqaləsi dərc olunub. Müxtəlif mətbu orqanlarda və təşkilatlarda bu məqalə ətrafında çox ciddi müzakirələr keçirilir. Doğrudan da, Ziyad müəllimin qeyd etdiyi kimi, bu məqalədə elə ciddi və perspektivli məsələlər qoyulub ki, onlar ciddi müzakirələrin obyek¬ti¬dir. Mən indi istəyirəm ki, nitqimi tamamlayım və sözü burada əyləşən qonaqlarımıza verək ki, onlar bu barədə öz fikirlərini bildirsinlər və tədbirin gedişində qoyulan məsələlərlə əlaqədar öz mövqeyimi ifadə edəcəyəm.
Vahid Novruzov, Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor:
- Bu "dəyirmi masa" ölkəmizin iqtisadi həyatı ilə bağlı ən aktual məsələlərə həsr olunmuşdur. Prezident Aparatının rəhbəri akademik Ramiz Mehdiyevin "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" əsəri həqiqətən də böyük elmi məzmun yükünə malik əsər kimi ölkəmizdə həyata keçirilən iqtisadi və siyasi islahatlara fundamental baxışdır. Məqalədə iqtisadi proseslərin elmi-fəlsəfi təhlilinə geniş yer verilməsi də təsadüfi olmayıb, ölkəmizin hazırkı dinamik inkişaf sürəti ilə şərtlənir. Əsərdə iqtisadi inkişafın demokratiyanın, vətəndaş cəmiyyətinin formalaşmasında oynadığı rol elmi şəkildə əsaslandırılmışdır. Məqalədə diqqəti çəkən başlıca məsələlərdən biri də demokratikləşmə və iqtisadi inkişaf məsələlərinin paralel şəkildə götürülərək şərh edilməsidir. Əsərin ana xəttini Prezident İlham Əliyevin irəli sürdüyü "Cəmiyyətin demokratikləşməsi iqtisadi siyasətimizin əsas elementidir. Bunların biri digərsiz ola bilməz" tezisi təşkil edir. Dünya təcrübəsi göstərir ki, demokratikləşmə prosesləri, ümumilikdə dövlətin sütunlarının möhkəm olması, ilk növbədə, iqtisadi inkişaf proseslərinin səviyyəsindən, çevikliyindən asılıdır. Akademik Ramiz Mehdiyev məqalədə Prezident İlham Əliyevin birinci prezidentlik dövrünün ən mühüm nəticəsi kimi məhz iqtisadi strategiyanın uğurla həyata keçirilməsini, ümumi daxili məhsulun artımını, qeyri-neft sektorunun inkişafını, yeni iş yerlərinin açılmasını, sahibkarlığın inkişafını önə çəkmişdir. Müəllifin vurğuladığı kimi, cənab İlham Əliyevin prezidentliyinin əsas konsepsiyası güclü iqtisadi bazanın formalaşmasından ibarətdir. Burada söhbət eyni zamanda bu konsepsiya əsasında Azərbaycan dövlətinin gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsidir. Qloballaşma dövründə Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsi və özünün iqtisadi inkişafının daha keyfiyyətli göstəricilərinə nail olmasını şərtləndirən amillər əsərdə geniş əksini tapmışdır.
Müşfiq Atakişiyev:
- Belə bir "dəyirmi masa"nın təşkilində məqsəd, ilk növbədə, Azərbaycanın iqtisadçı alimlərinin ölkədə baş verən proseslərə münasibətini açıqlamaq, eyni zamanda akademik Ramiz Mehdiyevin "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" əsəri ətrafında fikir mübadiləsi aparmaqdır. Görkəmli alimin respublikamızın demokratik inkişaf yolu, modernləşmə xətti, gələcək iqtisadi inkişaf strategiyası ilə bağlı dərin məzmunlu elmi qənaətləri onun uzunmüddətli dövlət idarəçiliyində topladığı böyük elmi-praktik təcrübəyə əsaslanır. Əsərin ideya qayəsində ümumən bu fikir parlaq xətt kimi özünü göstərir ki, hazırda Azərbaycanda demokratik transformasiya milli inkişaf strategiyasının aparıcı xəttinə çevrilmişdir. Müəllif haqlı olaraq vurğulayır ki, Azərbaycanda həqiqi demokratiya məhz ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunun məntiqi nəticəsi kimi özünə ciddi dayaqlar tapmış, ictimai şüurda bu yolun dönməzliyinə qəti əminlik yaranmışdır. Bununla belə, respublikamız sivil demokratik dəyərlərin hansısa dövlətlərin maraqlarına uyğun şəkildə mənimsənil¬məsini, kənar diqtələri qəbul etmir və demokratiyanın suverenliyi prinsipini müdafiə edir. Yəni demokratiyanın fundamental təməl prinsiplərini tam və qeyd-şərtsiz qəbul edərək onun milli modelinin tətbiqini vacib sayır.
Şübhəsiz, qloballaşma dövründə hər bir dövlətin və cəmiyyətin yetişəcəyi mühüm nailiyyətlərdən biri məhz demokratiyaya qovuşmaq, demokratik dəyərləri tam əxz etməkdən ibarətdir. Yeni dünya nizamı demokratiyanı dövlət və cəmiyyətin inkişafının prioritet istiqaməti kimi meydana çıxarmış, demokratik quruluşu sivilizasiyalararası dialoqun əsas amili kimi müəyyənləşdirmişdir. Akademik Ramiz Mehdiyev məhz bu reallıqdan çıxış edərək məqaləsində 2003-cü ildən sonra Azərbaycanda demokratik inkişaf sahəsində keyfiyyətcə yeni mərhələnin başlandığını qeyd etmişdir. Burada vurğulanır ki, cənab İlham Əliyevin prezidentliyinin birinci dövrünün əsas vəzifəsi - davamlı və tərəqqi edən iqtisadi sistemin formalaşdırılması uğurla reallaşdırılır. Məhz iqtisadi modernləşmə, bazarın sabitliyi, bank mühitinin təkmilləşməsi, orta sinfin formalaşması və ÜDM-də özəl sahibkarlığın rolunun güclənməsi ictimai şüuru latent şəkildə təzələyir, onu yeni demokratik ənənələr və təsisatlar müstəvisinə yönəldir.
Müəllif bu xüsusda ölkəmizin son illərdə əldə etdiyi uğurlu iqtisadi nəticələrə diqqət çəkir və haqlı olaraq qazanılan nailiyyətlərin demokratikləşmə prosesinə mühüm töhfə verəcəyini vurğulayır. Həmçinin qeyd edir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrin gerçəkləşdirilməsi qloballaşma layihələrində ölkənin nüfuzunu əhəmiyyətli dərəcədə artırır, eyni zamanda Avropa məkanının enerji təhlükəsizliyi məsələlərini həll edir. Bununla yanaşı, ölkədə yerli sahibkarlığın investisiya imkanları artır, yeni investisiya proqramlarının gerçəkləşdirilməsi və neft satışından gələn gəlirlərdən bu layihələrdə istifadə edilməsi üçün geniş perspektivlər yaranır, əcnəbi sərmayədarlar ölkənin inkişafına fəal surətdə cəlb olunur. Azərbaycanın sürətlə həyata keçirdiyi bu islahatlar ölkəmizdə demokratikləşmə proseslərinin sürətlənməsinə real imkanlar açır.
Vahid Novruzov:
- "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" əsərində özünün həyatiliyi, reallığa adekvatlığı ilə diqqəti çəkən məsələlərdən biri də mərhələli demokratiya ifadəsi ilə bağlıdır. Tarixən demokratiyaya dair müxtəlif konsepsiya və fikirlər, nəzəriyyələr mövcud olmuşdur. Böyük dövlət xadimi Uinston Çörçil demişdir ki, demokratiya heç də ən yaxşı idarəetmə üsulu deyil, amma bəşəriyyət hələ ondan yaxşısını da kəşf etməmişdir. Azərbaycanın keçdiyi tarixi yol və gələcək inkişaf strategiyası baxımından mərhələli demokratiya termini məqalədə yüksək elmi formada arqumentləşdirilmişdir. Fikrimcə, keçid iqtisadiyyatlı ölkələr üçün ən mütərəqqi yol məhz mərhələli demokratiya ola bilər.
Məqalədə özünə yer almış maraqlı və sanballı məsələlərdən biri də demokratik inkişafın hər bir dövlətin istehsal etdiyi ümumi daxili məhsulla əlaqəli şəkildə götürülməsidir. Akademik Ramiz Mehdiyev haqlı olaraq hər bir ölkənin demokratikləşməsinin ilkin şərtlərindən biri kimi ümumi daxili məhsulun müəyyən bir səviyyəyə çatmasını zəruri sayır. Tarixi təcrübə göstərir ki, demokratiya ümumi daxili məhsulun hansısa bir kəmiyyət göstəricisindən sonra qarşısıalınmaz prosesə çevrilir. Hər hansı ölkədə demokratik norma və prinsiplərin tam şəkildə bərqərar olması üçün, yaxud qurulmuş demokratiyanın davamlı olaraq yaşaması üçün iqtisadi inkişaf müəyyən həddə olmalıdır. Tədqiqatlar göstərir ki, demokratik ölkələrin özlərində də bir sıra problemlər mövcuddur. Amma hansısa demokratik ölkədə demokratiyanın sonradan avtoritar rejimlə əvəz olunması halına rast gəlinməmişdir. Bu baxımdan, akademik Ramiz Mehdiyevin bu fikri özünü təcrübədə tam təsdiqləyir ki, məhz iqtisadiyyat demokratikləşmənin özülünü, bazisini təşkil edir.
Akademik Ramiz Mehdiyev həmçinin vurğulayır ki, demokratik transformasiya ilə Qərbin geosiyasi təsiri altında müəyyən fərq qoymaq lazımdır. Bu da kifayət qədər cəsarətli, milli mənafelərimizə cavab verən yanaşmadır. Bununla bağlı bir Latviya aliminin maraqlı qənaətlərini diqqətə çatdırmaq istərdim. Latviya bir neçə ildir ki, Avropa Birliyinin üzvüdür. Avropa Birliyi ötən 7 ildə Latviyaya 2,8 milyard lat məbləğində yardım etdiyi halda, Latviya Avropa Birliyinə ildə bir milyard lat üzvlük haqqı ödəyir. Eyni zamanda Latviya 7 ildə Avropa Birliyi dövlətlərindən 40 milyard lat məbləğində məhsul almışdır. Bu bir daha göstərir ki, Avropa ölkələri inteqrasiya proseslərində öz maraqlarını daha çox önə çəkirlər.
Akif Musayev, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru:
- Respublikamızın son illərdə nail olduğu böyük iqtisadi uğurlar, cəmiyyət həyatının bütün sahələrinin yeniləşməsi, insanların maddi rifah halının yüksəlməsi iqtisadçı alimləri inkişaf strategiyasının gələcək istiqamətləri barədə düşünməyə, müəyyən elmi nəticələr çıxarmağa, praktik məsələlərin nəzəri əsaslarını yaratmağa vadar edir. Bu baxımdan, akademik Ramiz Mehdiyevin "Gələcəyin strategiyasını müəyyənləş¬dirərkən: modernləşmə xətti" əsəri Azərbaycanın inkişafının dünəni, bugünü və sabahı ilə bağlı bir sıra strateji məqamları özündə əks etdirir. Ölkə iqtisadiyyatının dinamik inkişafı bütün mütərəqqi cəhətləri ilə yanaşı, bəzi problemli məsələlər də doğurur ki, cəmiyyət bu problemlərə hazır olmalıdır.
Müəllif əsərdə bu fikri xüsusi diqqətə çəkir ki, Azərbaycan dövlətinin müstəqilliyi qarşıya qoyulan məsələlərin həlli baxımından olduqca vacibdir. Həqiqətən də müstəqil olmayan dövlətin hazırkı dinamik inkişaf mərhələsinə çatması da mümkün deyildir. İkincisi, müasir dövrdə dünya iqtisadiyyatına sürətli inteqrasiya şəraitində dövlətin, xalqın milli ənənələrini qoruyub saxlamaq vacib olduğu qədər də mürəkkəbdir. Bu baxımdan, demokratiyanın idxal yolu ilə tətbiqi yolverilməzdir. Təsadüfi deyildir ki, akademik Ramiz Mehdiyev məhz mərhələli demokratiya məsələsinə xüsusi diqqəti çəkir. Prezident İlham Əliyevin vurğuladığı kimi, demokratikləşmə proseslərinin davamlı şəkildə aparılması üçün güclü iqtisadiyyata malik olmaq lazımdır. Eyni zamanda güclü iqtisadiyyata malik olmadan demokratiyaya keçid mümkün deyildir. Azərbaycanın hazırkı qlobal inkişafı cəmiyyət həyatı ilə bağlı daha qlobal məsələlərin gerçəkləşdirilməsinə imkan yaradır.
Rəsul Balayev, iqtisad elmləri doktoru, ADİU-nun professoru: -
Akademik Ramiz Mehdiyevin əsərindən doğan ümumi qənaət bundan ibarətdir ki, demokratik dəyərlər yalnız tam oturuşmuş, iqtisadi cəhətdən güclü olan, sabit və istiqrarlı ölkədə tam intişar tapa bilər. Bütün bunlar olmadan demokratik dəyərlərin geniş miqyaslı tətbiqinə yönəlmiş səylər heç bir nəticə vermir və son nəticədə dövlətin dayaqlarının sarsılmasına gətirib çıxarır. Müəllif haqlı olaraq bildirir ki, bazar subyektlərinin, yaxud da ayrı-ayrı şəxslərin iqtisadi azadlığı olmayan cəmiyyətdə həqiqi demokratiyadan danışmaq olmaz. Ulu öndərimizin siyasi xəttinə sadiqlik nümayiş etdirən Prezident İlham Əliyev də iqtisadi inkişafa paralel olaraq demokratikləşmə proseslərinin sürətlə aparılmasını vacib sayır.
Akademik bu fikirdədir ki, hər hansı cəmiyyətdə yaradılmış demokratiya modellərini doqma kimi qəbul etmək, onu milli təcrübəyə olduğu kimi transformasiya etmək düzgün yanaşma deyildir. Hər bir müasir dövlət müəyyən şəraitdə idarəçiliyin demokratik formasına nail ola bilər, ancaq məsələ daha çox demokratiyanı saxlamaqdan, idarəçiliyin demokratik formasını sabit etməkdən ibarətdir. Bu məqsədə çatmaqdan ötrü isə müvafiq iqtisadi baza olmalıdır. Filosofun qənaətincə, Azərbaycan siyasi elitasının prioritet vəzifələrindən biri də iqtisadi nailiyyətləri yeni demokratik şüur formalaşdırılması amilinə transformasiya etməkdir.
Akif Musayev:
- Əsərdə diqqəti çəkən məqamlardan biri də təhsilin iqtisadi inkişaf prosesindəki rolu ilə bağlıdır. Dövlət başçısı İlham Əliyev bir müddət əvvəl 2008-2012-ci illərdə ali təhsildə islahatları nəzərdə tutan xüsusi sərəncam imzalamışdır. Bu sərəncamın başlıca qayəsini respublikamızın Avropa təhsil məkanına inteqrasiyanın reallaşdırılması təşkil edir. Azərbaycanın müasir iqtisadi inkişaf səviyyəsində insan kapitalının formalaşdırılması, müasir innovasiya və kompüter texnologiyalarının inkişafı xüsusilə aktualdır. Eyni zamanda həyata keçirilən islahatların elmi tədqiqi, fundamental elmi yeniliklərin istehsalatda tətbiqi son dərəcə vacibdir. Təsadüfi deyildir ki, akademik Ramiz Mehdiyev "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" əsərində innovasiya texnologiyalarının inkişafı məsələlərinə də xüsusi diqqət çəkmişdir. Dünyanın inkişaf etmiş dövlətlərinin də təcrübəsi göstərir ki, yalnız yeni texnologiyaların tətbiqi iqtisadiyyatın davamlı inkişafını təmin edə bilər.
Bundan əlavə, 2003-cü ildən başlayaraq sahibkarlığın ümumi daxili məhsuldakı çəkisinin artmasının doğurduğu pozitiv nəticələr də əsərdə dəqiq əksini tapmışdır. Əsərdə bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın inkişafı üçün əlverişli biznes mühitinin formalaşdırılması, "vahid pəncərə" sisteminin tətbiqi, respublikanın investisiya cəlbediciliyinin artırılması ilə bağlı çox dəyərli fikirlər mövcuddur.
Elşad Səmədzadə İqtisadçılar Birliyinin sədr müavini, iqtisad elmləri namizədi: Hörmətli dəyirmi masa iştirakçıları, mən hamınızı sa¬lam¬layıram. Mövzumuz gələcəyin strategiyasını müəyyənləşdir¬ərkən mo¬dernləş¬mə xəttidir. Ümumiyyətlə, cəmiyyətin, ictimaiyyətin inkişafında mo¬dern¬¬ləşrmənin rolu nə ilə bağlıdır?
Fikrimcə, bəşəriyyət vaxtaşırı öz qarşısına yeni məqsədlər qoyur. Məsələn, intensivləşmə, qloballaşma, modernləşmə və s. Mahiyyət etibarilə bu kateqoriyalar bir-birindən fərqlənir. Amma onları ümumiləşdirən bir cəhət var. Hamısı cəmiyyəti təşkil edən və ayrı-ayrı məqsədlərə istiqamətlənmiş insanları vahid məqsəd ətrafında birləşdirməyə, cəmiyyətin bütün resurslarını bir istiqamətə yükləndirməyə, hamının razılaşdığı prioritetlər sistemini formalaşdırmağa çalışır. Bu baxımdan da biz modernləşməyə gəlib çıxmışıq.
Modernləşmə haqqında danışarkən birinci növbədə onun mənşəyi barədə demək istərdim. Sözün kökü «modern»dir və fransız kəlməsidir. Bu termin incəsənətlə bağlıdır və burada bir maraqlı məqam var: XIX-XX əsrdə incəsənətə xadimləri yeni bər cərəyan yaratmaq istəyiblər. Elə bir cərəyan ki, həm yeni olsun, həm də tarixi irsdən azad olsun.
Mənim zənnimcə, bu gün artıq modernizmin özünə bir modern baxış lazımdır. Dialektikanın «inkar inkar» qanununu tətbiq etməklə biz o nəticəyə gələ bilərik ki, bu gün bizə elə modernizm lazımdır ki, o keçmişin uğurlu nəticələrini gələcəyə apara bilsin. Onu da qeyd edim ki, bu fikirlər akademik Ramiz Mehdiyevin tanış olduğumuz məqaləsindən doğur və bu məqalədə birmənalı təsdiqini tap¬mış¬dır.
Sonra ümumiyyətlə, modernləşmənin iqtisadi amilləri barədə düşünərkən, «Voprosı ekonomiki» jurnalında Yevgeni Yasinin maraqlı bir məqaləsi yadıma düşür. O belə bir düstur təklif edir: modernləşmə = demokratiya + iqtisadi islahatlar.
Buradan belə bir maraqlı məsələ çıxır ki, ümumiyyətlə, biz bilməliyik hara gedirik, tarix hansı istiqamətdə inkişaf edir. Mən belə düşünürəm ki, bu suallara cavab vermək üçün bu il Amerika Birləşmiş Ştatlarında keçirilən prezident seçkilərinə də nəzər salmalıyıq. Orada demokrat namizəd Barak Obama seçicilərə müraciət edərək, deyib: «Mənə səs verin, biz Amerikanı dəyişək», «Mənə səs verin, biz dünyanı dəyişək».
Demək, tarix güclülərin istədiyi istiqamətdə hərəkət edir. Bu gün artıq modernləşməni demokratiya və iqtisadi islahatlarla vəhdət şəklində qəbul etsək, Prezident İlham Əliyevin dediyi kimi: Harada ki, demokratiya inkişaf edib, o ölkələr iqtisadi cəhətdən də inkişaf edibdir. Harada ki, demokratiya inkişaf etməyib, o ölkələrdə inkişaf da sürətlə getməyibdir. Məqalədə xüsusi vurğulanır ki, demokratiyanın əsas atributu iqtisadi inkişafdır, iqtisadiyyatda isə demokratiyanın əsas göstəricisi bazardır. Onda bu dəyərlərin biz tərəfdən mənimsənilməsinin müəyyən rahatlığını hiss edə bilərik. Belə ki, Azərbaycan ictimai-iqtisadi şüurunda və təhtəl şüurunda sonuncu anlayış öz kökünü çoxdan tapıb. Əcdadlarımız ən uca zirvəmizə «Bazar düzü» adını verib.
Rəsul Balayev: - Gələcəyin strategiyasının müəyyənləşdirilməsində iqtisadi məsələlər həyati əhəmiyyətə malikdir. Müzakirə etdiyimiz məqalədə müstəqil respublikamızın inkişafının tarixi məqamlarının dərindən araşdırılması strateji məsələlərdə iqtisadi inkişaf kursunun yeri və rolunu tam obyektiv şəkildə qiymətləndirməyə imkan vermişdir.
Akademik Ramiz Mehdiyevin «Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti» məqaləsində bu baxımdan əsaslandırılmış yanaşmanın şahidi oluruq. Müəlif tamamilə haqlı olaraq qeyd edir ki, «2003-cü il milli transformasiyanın yeni mərhələsinin başlanğıcı oldu, səlis qurulmuş sabit sistemi tərəqqi etməkdə olan iqtisadi strukturun intensiv formalaşması məkanına yönəltdi».
Ümummilli liderimiz Heydər Əliyevin yaratdığı etibarlı iqtisadi baza üzərində insan naminə intensiv inkişaf imkanlarının sürətlə reallaşması son dörd ildə Azərbaycan Respublikasının görünməmiş sosial-iqtisadi uğurlarının mühüm amilinə çevrilmişdir. Heç şübhəsiz, bu məsələdə hərtərəfli düşünülmüş strateji inkişaf xəttinin rolu həlledicidir.
Doğrudan da, müəllifin ifadəsi ilə desək, «manatın denominasiyasından tutmuş ölkədə ÜDM-in əhəmiyyətli dərəcədə artmasına, 600.000-dən çox yeni iş yerinin yaranmasından başlamış milli büdcənin on qat artırılmasına qədər kompleks tədbirlərin görülməsi güclü iqtisadi struktur və davamlı iqtisadi artım üçün bazis yaradır».
Azərbaycanlı investorların ölkə hüdudlarından kənara çıxması, bir sıra ölkələrdə uğurlu layihələr həyata keçirməsi respublikamızın iqtisadi inkişafının mühüm göstəricilərindən birinə çevrilmişdir. Belə ki, bu fakt, birmənalı olaraq, iqtisadiyyatımızın liberallaşması ilə əlaqədardır.
Akademik R. Mehdiyevin qeyd etdiyi kimi, 2007-ci il milli iqtisadiyyatın liberallaşmasında müəyyənedici mərhələ olmuşdur. Müəllif bu istiqamətlərdə görülən işləri, tamamilə haqlı olaraq, inqilabi dəyişikliklər adlandırır.
Həqiqətən, ötən ildə görülmüş tədbirlər kompleksinin tərkibinə nəzər saldıqda onların sistemli ardıcıllığı və əhatə dairəsinin müsbət və səmərəli parametrləri aşkar görünür.
Belə ki, bu dövrdə sahibkarlar üçün fəaliyyət mühiti daha da yaxşılaşdırılmış, qeydiyyatın mütərəqqi «bir pəncərə» prinsipi həyata keçirilməyə başlamış, birbaşa xarici investisiyalar axını liberallaşdırılmış, dövlət xərclərinin yönümü müəyyənləşdirilərkən optimallıq təmin olunmuş, milli iqtisadiyyatın inkişafında yeni keyfiyyət səviyyəsi əldə edilmişdir.
Qloballaşma XXI əsrin reallığıdır. Azərbaycanın dünya təsərrüfat sistemində özünə layiq yer tutması istiqamətində aparılan sistemli fəaliyyət, bu reallıqdan bəhrələnmək üçün zəmin yaratmışdır.
Məqalədə göstərildiyi kimi, özlüyündə qloballaşma milli iqtisadiyyatın inkişafı, siyasi və demokratik təsisatların təkmilləşdirilməsi üçün yeni imkanlar yaradır və daha geniş perspektivlər açır.
Respublikamızda həyata keçirilən inkişaf strategiyasının uğurları və onun modernləşməsi, müəllifin qeyd etdiyi kimi, bazarın sabitliyi, bank mühitinin təkmilləşməsi, orta sinfin formalaşması və ölkənin ÜDM-ində özəl sahibkarlığın rolunun güclənməsi ictimai şüuru təzələyəcək, onu yeni demokratik ənənələr və təsisatlar müstəvisinə yönəldəcəkdir.
Sadıq Salahov, Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun direktoru, iqtisad elmləri doktoru:
- Ulu öndərimiz Heydər Əliyev demişdir ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Bu fikir akademik Ramiz Mehdiyevin "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" əsərinin ana xəttini təşkil edir. Ümumiyyətlə, əsərdə qoyulmuş məsələlər o qədər dərin elmi məzmun yükünə malikdir ki, onu ilk oxunuşda tam dərk etmək mümkün deyildir. Şəxsən mən əsəri bir neçə dəfə oxuduqdan sonra orada əksini tapmış məsələlərin nə qədər dərin elmi-fəlsəfi məzmuna, yüksək dəyərə malik olduğunu dərk etdim. Məqalədə bir ictimai-iqtisadi formasiyadan digərinə adlayan respublikamızda demokratik inkişaf yolunun spesifikliyini, özünəməxsusluğunu şərtləndirən amillər önə çəkilir. Bildirilir ki, iqtisadi inkişafın hazırkı tempi demokratikləşməyə xidmət edən islahatları uğurla gerçəkləşdirmək imkanı yaradır.
Ulu öndərimiz respublikamızın gələcək inkişaf strategiyasını müəyyənləşdirərkən hər hansı ölkənin təcrübəsinin olduğu kimi tətbiqinə yol verməmiş, xalqımızın milli özünəməxsusluğunun, respublikamızın iqtisadi inkişaf səviyyəsinin, coğrafi şəraitinin və digər amillərin nəzərə alınmasını vacib saymışdır. Ötən əsrin 90-cı illərinin ortalarında ölkənin hələ iqtisadi problemlər məngənəsində sıxılması, müasir təfəkkürlü kadr potensialının tam formalaşmaması, insanların maddi rifah halının aşağı səviyyədə olması, demokratik-siyasi islahatların geniş tətbiqinə imkan verməmişdir. Ulu öndərimiz belə bir şəraitdə demokratiyaya tədrici keçidin tərəfdarı kimi çıxış etmiş, həyata keçirilən islahatların maddi əsasa söykənməsini zəruri saymışdır. Məhz bu proqressiv yanaşmanın nəticəsi kimi Azərbaycan qısa müddətdə bir çox dövlətlərin 50 ilə keçdiyi inkişaf yolunu keçmişdir. Bu zaman ulu öndərimiz hər hansı modellərin respublikamızda eksperiment kimi nəzərdən keçirilməsinə imkan verməmiş, "demokratiya ixracı" cəhdlərinə qarşı çıxmışdır. Bu baxımdan respublikamızın digər ölkələrdən fərqli iqtisadi və demokratik inkişaf modeli formalaşmışdır.
Respublikamızın son 10 ildə sürətlə inkişaf edərək özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə gəlib çatması da məhz bu modelə əsaslanır. 2003-cü ildən daha da sürətlənən və geniş vüsət alan inkişaf prosesləri Azərbaycan dövlətinin qüdrətlənməsinə, dünya miqyasında layiqli yerini tutmasına gətirib çıxarmışdır. Akademik Ramiz Mehdiyev də nüfuzlu alim kimi respublikamızın davamlı iqtisadi inkişafı üçün nələri etməyin vacibliyini öz əsərində elmi şəkildə göstərmiş, gələcəyin hədəflərini müəyyənləş¬dirmişdir.
Məqalənin iqtisadçılar üçün çox maraqlı cəhətlərindən biri də demok¬ra¬ti¬yanın inkişafının Ümum Daxili Məhsulun (ÜDM) göstəriciləri ilə sıx əlaqədə olduğunun şərhidir. Ramiz müəllimin qeyd etdiyi kimi, «Xarici təcrübə göstərir ki, demokratiya ÜDM-in hansısa bir kəmiyyət göstəricisindən sonra qarşısıalınmaz olur». Burada mahiyyət ondan ibarətdir ki, hər bir ölkədə demokratiyanın bərqərar olması üçün, yaxud qurulmuş demokratiyanın sonradan məhv olmaması üçün iqtisadi inkişaf öz yüksək səviyyəsində, daha doğrusu, müəyyən bir inkişaf səviyyəsində olmalıdır. Tədqiqatlar göstərir ki, əgər hər hansı bir ölkədə adambaşına düşən ÜDM-in həcmi 1000 dollardan azdırsa, həmin ölkələrdə qurulan demokratiya əksər hallarda möhkəmlənmir və sonradan həmin quruluş məhv olur. Lakin adambaşına düşən ÜDM-in həcmi 3000 dollar olan ölkələrdə demokratiyanın bərqərar olması qarşısıalınmaz olur. Ona görə də, mən bu rəqəmləri deməklə Ramiz müəllimin məqaləsində qoyulan o fikri təsdiqləmək istərdim ki, məhz iqtisadiyyat demokratiyanın bərqərar olmasının, ölkənin inkişafının bazisini təşkil edir.
Ziyad SƏMƏDZADƏ: Vahid müəllim, Akif müəllim rəqəmlərə toxundu. İqtisadi inkişaf sə¬viy¬yəsindən asılı olaraq, demokratiya inkişaf edir. Dünyanın bir çox ölkələrin¬də belə tədqiqatlar aparılıb. Adambaşına düşən milli gəlirin səviyyəsinə görə 150 -dən çox ölkəni qruplaşdırıblar və baxıblar ki, I qrupa daxil olan ölkələrdə sosial konfliktlər, demək olar ki, yox dərəcəsindədir. Bax, biz bu kimi prosesləri də araşdırmalıyıq və eyni zamanda biz burada konkret rəqəminə görə çox adlar deməliyik.
Tale belə gətirib ki, mən Malayziya, Çin, Yaponiya iqtisadiyyatı ilə müəyyən qədər məşğul olmuşam. Baxın, hər ölkə inkişaf yolunu özü müəyyən edib. Əvvəlki dövr deyil ki, kimsə kənardan başının üstünü kəsdirib öz şərtlərini diqtə etsin. Belə siyasətin axırı yoxdur və ona görə də dünya iqtisadiyyatında mühüm rol oynayan Cənubi-Şərqi Asiya ölkələri öz yolları ilə inkişaf ediblər.
Əsərdə əksini tapmış fikirlərdən biri də odur ki, "demokratiya pərdəsi" altında hansısa müstəqil dövlətin daxili işlərinə kənardan müdaxilə cəhdləri yolverilməzdir. Bu məqamda Malayziyanın sabiq baş naziri Mahathir Mohamadın bir fikrini xatırlatmaq yerinə düşər: "Əgər biz ardı-arası kəsilməyən çağırışlara qulaq asaraq Beynəlxalq Valyuta Fondunun istədiyi kimi hərəkət etsəydik, təkcə Malayziya iqtisadiyyatı deyil, həm də cəmiyyəti, milləti məhv olacaqdı. Bu, Valyuta Fondunun ekspertlərinin kifayət qədər biliyə, faktlara malik olmamaları, onların baxışlarının, imkanlarının və dərrakələrinin məhdudluğu üzündən baş verəcəkdi".
Nə qədər cəsarətli fikirdir. Diqqət edin. Bizə məlumdur ki, demokratiya pərdəsi altında Azərbaycana təzyiq və təsir cəhdləri zaman-zaman özünü qabarıq göstərmişdir. Prezident İlham Əliyev belə cəhdləri zərərsizləş¬dirməklə yanaşı, Avropa dəyərlərinin olduğu kimi respublikamızda tətbiqini düzgün saymır: "Kortəbii şəkildə Avropada nə var, gəlin, onu Azərbaycanda tətbiq edək, buna getmək olmaz. Orada bəzi şeylər var ki, onların bizə heç bir xeyri olmayacaq. Amma müsbət nə varsa, onu gətirməli, tətbiq etməliyik".
Mən Malayziyanın sabiq baş nazirinin bir fikrini sizin nəzərinizə çatdırmaq istəyirəm: «Mən deyəndə ki, Asiyanın yeni sənaye ölkələrinin ümumi dəyərləri var və həmin dəyərlər onların etibarlı iqtisadi yüksəliş yolu ilə irəliləməsinə kömək edir, mənim bu sözlərimi çox vaxt sırtıqlıq kimi, hətta Asiyada mədəni təcavüzün yeni təhlükə forması kimi qələmə verirdilər. Görünür, bir çox qərblilər belə zənn edirlər ki, yalnız onların dəyərləri və etika prinsipləri dünyanın bütün sivilizasiyalı gəncləri tərəfindən qəbul olunmalıdır. Avropalılar başa düşmürlər ki, Asiya musiqisi «Bitlz», Aznavur və Mosart yolu ilə deyil, öz yolu ilə inkişaf edə bilər. Eyni zamanda bir çox dövlətlər idarəolunmanın Asiya formasını qəbul ediblər. Qərbdə bu fikirdədirlər ki, dövləti ancaq Avropa qaydaları ilə idarə etmək olar». Mahathir Mohamad bu cür «oyun qaydaları» ilə razılaşmır və təbii ki, biz də onun bu fikirlərini müdafiə edirik.
Demokratiya zorla kənardan qəbul etdirilən proses olmamalıdır. De¬mok¬ratiya ölkənin daxilində tədricən bərqərar olmalıdır.
Elşad SƏMƏDZADƏ: Belə düşünürəm ki, müstəqillik qazandıqdan və dəmir pərdələr aradan götürüldükdən sonra müəyyən siyasətçilərdə, digər peşə sahiblərində cənnət və Qərb anlayış¬la¬rı¬nın eyniləşdirilməsi fikri formalaşmışdır. Nə idealdırsa, o Qərbdədir. Amma tarixi keçmişə nəzər salaq. Bu gün müasir demokratiyanın beşiyi kimi Amerika qəbul olunur, amma Amerika cəmiyyətinin bugünkü üzvləri vaxtilə öz cəmiyyətlərini inkar edənlərin övladlarıdır. Onların qurduğu demokratiya ilə, xalqının ənənələrinə, mentalitetinə sadiq olanların qurduğu demokratiya heç vaxt tam mənada üst-üstə düşə bilməz. Ona görə də, kənardan gələn islahat modelləri heç də həmişə bizim mənafeyimizə uyğun gələ bilməz.
Gələn qonaqları 2 yerə bölmək olar: bir qismi qlobal təfəkkürlü, bəşəriyyəti tamlıqla sevən insanlardır. Bəziləri isə demokratiya pərdəsi altında öz ölkələri və ya daxil olduqları qrupların mənafeyinə xidmət edənlərdir. Ona görə gələn qonaqları tanıya bilən qadirlərə ehtiyac vardır.
Bir məsələni də vurğulamaq istərdim. Bu gün biz postindustrial cəmiyyət haqda düşünürük. Əlbəttə, postindustrial cəmiyyət, yəni xidmətlər sektorunun üstün olduğu cəmiyyət insan inkişafı baxımından bir hədəf kimi arzu olunandır. Amma strateji hədəf kimi postindustrial cəmiyyət qəbul olunarsa, taktiki hədəf kimi keyfiyyətli industrial cəmiyyəti qurmalıyıq. Çünki, əvvəlcə Amerikanın inkişaf səviyyəsinə qalxmalıyıq ki, sonra onun hədəflərini özümüz üçün də arzulayaq. Əks təqdirdə yəqin keyfiyyətli industrial cəmiyyət qurmasaq onda bizim industriyamızın, yəni sənayemizin etmədiklərini, qalan boşluqları xarici ölkələrin sənayesi doldurmalı olacaq. Özü də bu məcburi yox, sevinərək ediləcək. İzafi məhsul, mənfəət orda qalacaq. Ölkəmiz isə xidmətlər sektorunu inkişaf etdirib onların sənaye mallarının istehlak bazarı rolunu oynarmalı olacaq. Ona görə taktiki mənada keyfiyyətli industrial cəmiyyət qurmalıyıq. Bunun zəmini isə prezident İlham Əliyevin qeyri neft sektorunun inkişaf strategiyasında artıq formalaşmışdır.
Sadıq SALAHOV: Demokratiya ixrac etmək arzusunda olan ölkələr bəzən buna nail ola bilmirlər və bu zaman müxtəlif rəylər formalaşdırırlar. Bu baxımdan, biz həqiqətən, xoşbəxt xalqıq ki, bizim Heydər Əliyev kimi ümummilli liderimiz var. Onun qurduğu dövlət və qoyduğu strategiyanı hal-hazırda uğurla davam etdirən İlham Əliyev kimi prezidentimiz var ki, qloballaşma şəraitində Azərbaycanın mənafeyini qorumasını, onun milli maraqlarının mü¬da¬fiəsini təşkil edir və pərdələnmiş demokratiya ilə müxtəlif yağlı vədlər verənlərin maraqlarının həyata keçməsinə imkan vermir.
Ziyad SƏMƏDZADƏ: Akademik R.Mehdiyevin məqaləsinin əsas cəhətlərindən biri də odur ki, iqtisadiyyat siyasətdən daha əzəldir. Yəni iqtisadiyyatı inkişaf etməmiş bir ölkədə demokratiyanın bərqərar olması çox çətin olur. Ona görə də, bu gün Azərbaycan prezidentinin apardığı siyasət nəticəsində böyük neft strategiyasının reallaşması ilə yanaşı, Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması və bu gün ərzaq təhlükəsizliyi konsepsiyasının qurulması və s. - bütün bunlar böyük iqtisadiyyatdan söhbət açır. Təbii ki, bundan sonra siyasi məsələlərin həlli də tədricən öz yerini tapacaq. R.Mehdiyev məqaləsində qeyd edir ki, «Sabitlik olmayan şəraitdə demokratiya və vətəndaş həmrəyliyi ola bilməz».
Çin dövlətinin sabiq rəhbəri Tzsen Tszyamin Kommunist Partiyasının 80 illiyi ilə əlaqədar olaraq partiyaya müraciətində bildirmişdir: «Son 2 ildə müxtəlif kanallarla ölkəmizə müxtəlif növ sarı, aşağı səviyyəli fotolar, kino lentləri, kitablar, jurnallar və s. daxil olmuşdur. Bu, cəmiyyətin tərbiyə¬si¬nə, gənclərin mənəviyyatına çox pis təsir göstərmişdir. Bu cür şeylərin inkişafına mane olmasaq, zəif iradəli insanların mənəviyyatı boşalar. Təşkilatlarımız bu cür şeylərə ciddi fikir verməlidirlər. Qapıların açılması ilə ölkəmizə xeyli bədxahlar daxil oldu».
Zahid MƏMMƏDOV: «Bu gün biz doğrudan da, çox mühüm bir mə¬sə¬ləni müzakirə edirik. Akademik Ramiz Mehdiyevin «Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti» adlı məqaləsinin mövzusu müasir dövrümüz üçün olduqca aktualdır. Uzun illərin təcrübəsi əsasında qələmə alınmış bu əsərdə ölkəmizin inkişaf istiqamətlərinin bütün sahələrinə toxunulur, istər sosial, istər iqtisadi və s. sferalardan bəhs olunur. Eyni zamanda dünya təcrübəsində qazanılmış nailiyyətlər məqalədə öz əksini tapmışdır. Bu gün Azərbaycanın iqtisadiyyatında qazanılan nailiyyətlər burada çox qabarıq şəkildə qeyd olunur.
Tarixi təcrübədən məlumdur ki, demokratiyanın güclü olduğu ölkələrdə iqtisadiyyat da güclü olur. Ramiz müəllimin qeyd etdiyi kimi, uzun illər ölkəmiz kənardan idarə olunduğu üçün, demokratiyadan bir qədər kənarda qalmışdır. Lakin Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi, onun əsl demokratiyaya yiyələnməsinə və ölkəmizin iqtisadiyyatının həmin demokratiyadan istifadə etməklə pillə-pillə inkişafı, qazanılan nailiyyətlər göz qabağındadır.
Dünya dövlətləri ilə müqayisədə Azərbaycanın demokratikləşməyə gec qədəm qoymasına baxmayaraq, ölkəmiz öz iqtisadi inkişafına görə dünyanın hətta inkişaf etmiş ölkələri ilə müqayisə ediləcək səviyyədədir.
Möhtərəm prezidentimiz İlham Əliyev iqtisadiyyatın yüksələn xətt üzrə inkişaf etdiyini bütün ölkə qarşısında dəfələrlə bəyan etmişdir. Bu doğrudan da, belədir.
Bu gün dünya dövlətləri tərəfindən Azərbaycan iqtisadiyyatına qoyulan investisiyalar və ölkəmizin həmin dövlətlərlə iqtisadi əlaqələr qurması buna bir daha sübutdur.
Bu gün Azərbaycan qloballaşma prosesinə qoşulub. Ramiz müəllimin məqaləsində qeyd olunduğu kimi, qloballaşan dünyada Azərbaycanın dünya bazarına çıxması üçün əlverişli nəqliyyat sisteminə malik olması, dünya ölkələri ilə iqtisadi əlaqələrin inkişafına təsir göstərə bilən Avropa-Qafqaz-Asiya nəqliyyat sisteminin Azərbaycanda kəsişməsi və s. bütün bunlar ölkəmizin demokratik yolla inkişafını sürətləndirir».
Sadıq SALAHOV: Bir çox hallarda insanlar belə düşünür ki, Avropaya və dünya iqtisadiyyatına inteqrasiya etmək hər hansı bir beynəlxalq təşkilatın üzvü olmaqdan ibarətdir. Əslində isə, bu belə deyil. Hörmətli Ramiz müəllim məqaləsində qeyd edir ki, biz hər hansı bir beynəlxalq təşkilata - istər bu iqtisadi təşkilat olsun, istərsə də siyasi, onun bərabərhüquqlu üzvü olmaq istəyiriksə, əgər həmin təşkilata inteqrasiyadan bəhrələnmək istəyiriksə, biz bütün parametrlərə görə güclü dövlət olmalıyıq. Məsələn, bizim qarşımızda Dünya Ticarət Təşkilatına (DTT) üzv olmaq məsələsi durur. Bu təşkilata üzv olmaq xüsusilə, Avropa iqtisadiyyatına inteqrasiya olunmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Hörmətli Ramiz müəllim də adıçəkilən məqaləsində xüsusi olaraq qeyd edir ki, nə qədər ki imkan var, biz iqtisadiyyatımızın, elmimizin bütün sahələrini modernləşdirməliyik, innovasiya prosesinə xüsusi diqqət yetirməliyik.
Müşfiq ATAKİŞİYEV: Dövlət başçısı Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırmışdır. Yeni dünya nizamında demokratiya həqiqi mahiyyətini qoruyub saxlamaq üçün vətəndaşların sosial-siyasi, mədəni və iqtisadi rifahına, bu sahələrdə baş verən müsbət dəyişikliklərə adekvat reaksiya verməlidir. Demokratik dövlətin bir təsisat kimi başlıca vəzifəsi bütövlükdə cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanların yaradılmasıdır.
Müasir dünyada demokratik və açıq cəmiyyətin formalaşdırılması, şəffaflığın təmin olunması baxımından informasiya və kommunikasiya texnologiyalarının inkişafı zəruri məsələ kimi önə çıxmışdır. İqtisadçı alimlərin hesablamalarına görə, hazırda 1 kq elmtutumlu məhsulun qiyməti 70 ton neftin qiymətinə bərabərdir. Elmi-intellektual potensial hər bir dövlətin davamlı inkişafının vacib şərti kimi çıxış edir. Bütün bunlara nəzərən akademik Ramiz Mehdiyev xüsusi vurğulayır ki, hazırkı mərhələdə respublikamızın qarşıya qoyduğu başlıca vəzifələrdən biri də milli inkişafda intellektual irəliləyişə nail olmaqdır. Təhsilin beynəlmiləlləşməsi, qlobal rəqabət şəraitində intellektual səviyyənin daim artırılması və xidmətlər sahəsinin prioritet olması üçün zəruri şərait yaradılması son dərəcə vacibdir. Müəllifin bu fikri də çox düzgündür: "Təhsil və elm lazımi səviyyədə olmasa, milli inkişafın perspektivləri və Azərbaycan dövlətçiliyinin davamlı inkişafı barədə düşünməyimiz çətin olacaqdır».
Eyni zamanda akademik Ramiz Mehdiyevin vurğuladığı kimi, iqtisadi-siyasi inkişafın vektorları Avropa ilə yanaşı, həm də Asiyaya yönəlməlidir. Yəni respublikamız gələcək inkişaf prosesində Avropa ilə yanaşı, Asiyanın da mütərəqqi ənənələrindən maksimum bəhrələnməlidir.
Elşad SƏMƏDZADƏ: Burada ölkənin inkişafında milli mənin, milli mənəvi dəyərlərin rolu barədə çox maraqlı fikirlər səsləndi. Həmişə «milli məni» qorumaq lazımdır ki, heç bir yad düşüncə səni silkələyə bilməsin. Yadıma Qərb Universitetində keçirilən milli özünüdərk mövzulu konfrans düşdü.
Ramiz müəllimin məqaləsində belə bir fikir də var ki, iqtisadiyyat siyasətdən əzəldir. Doğrudan da, iqtisadi proseslər formalaşan dövrlərdə siyasət olmayıb. Bəzi tədqiqatçılar vurğulayır ki, siyasət dövlətin yaranması ilə əlaqədardır. Digər tərəfdən, nüvəsində iqtisadiyyat olan transmilli şirkətlər getdikcə siyasət məkanı olan milli dövlətlərə daha çox təsir edir. Bəzən iqtisadi maraqlar siyasi hədəfləri müəyyən edir. Bəli, bu gün siyasətin ən yaxın dostu iqtisadiyyatdır. Vaxt var idi bu dost hərb idi. Mənə elə gəlir ki, ümumilikdə iqtisadiyyata bu cür yer ayrılması Qarabağ problemini hərb yolu ilə yox, məhz iqtisadiyyatın güclənməsi yolu ilə həll etmək istəyən Azərbaycan dövlətinin mövqeyini əsaslandırır və dəstəkləyir.
Başqa bir vacib məsələ. Biz bayaq demokratiya və iqtisadiyyat kateqoriyasının törəməsinin riyazi cəminə baxmışdıq. İndi isə bu kateqoriyaları fəlsəfi şəkildə birləşdirəndə başqa kateqoriya alırıq - iqtisadiyyatın demokratikləşməsi. Bu da vətəndaş cəmiyyəti, xalq iqtisadiyyatı ilə bağlıdır. Yəqin bu, daha çox insanın iqtisadi proseslərə fəal şəkildə cəlb olunmasını nəzərdə tutur. Səhmdarlaşmanın, fond bazarının kapitallaşmasının artması bunu xarektirizə edən göstəricilərdəndir.
Əlbəttə bu proseslərdə ictimai təşkilatların rolu böyükdür. Bir müqayisə gətirim. Yaponiya əhalisinin 72%-i ictimai təşkilatlarda təmsil olunur. Rusiyada isə bu rəqəm 16%-ə bərabərdir. Bu ölkələrin iqtisadi inkişafındakı fərq bir daha demokratiya - ictimai təşkilatlar - iqtisadi inkişaf xəttinin düzgünlüyünü təsdiqləyir. Ölkəmizdə də bu istiqamətdə ciddi işlər gedir. Əlbəttə, burada əsas şərt Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin mənafelərinin qorunmasıdır.
Bu fikirlərimin sədrin yekun sözünə kiçicik əlavə kimi qəbul edilməsini istərdim. Dəyirmi masa fiziki mənada olduğu kimi fəlsəfi mənada da dəyirmidir. Yəni, əvvəldə səslənən fikirlərə sonda da qayıtmaq xeyirlidir. Hamımız avtomobil sürür və ya sərnişin oluruq. Yol Patrul Xidməti tərəfindən töhmət alan, bəzən hirslənən sürücülərin özləri də etiraf edir ki, dövlət nəzarəti olmadan hərəkətin təhlükəsizliyi təmin oluna bilinəz. Bu mənada mərhələli demokratiya daha münasib sayılmalıdır. Və bu fikri əsaslandırmaq üçün N.Kazinsdən sitat gətirib sizinlə sağollaşıram. «Demokratiya insana artan imkanlarla yanaşı böyük məsuliyyət də bəxş edir».
Ziyad SƏMƏDZADƏ: Yaddan çıxarmamalıyıq ki, hər bir xarici köməyin arxasında, ilk növbədə, həmin ölkələrin mənafeləri durur. Bu barədə çoxlu misallar çəkmək olar. Məsələn, Bakı-Tiflis -Qars dəmir yolu xətti Avropa ilə Asiyanı birləşdirən strateji magistralın çəkilməsini Avropa Bankı, Dünya Bankı, iri ölkələr dəstəkləmədilər. Ona görə ki, bu erməni lobbisinə və müəyyən xarici ölkələrə lazım deyil. Ancaq Azərbaycan müstəqil dövlət kimi heç bir çətinlik çəkmədən öz vəsaitləri hesabına həmin layihəni yaxın vaxtlarda reallaşdıracaq.
Bir daha qeyd etmək istəyirəm ki, akademik Ramiz Mehdiyevin məqaləsində irəli sürdüyü fikirlər Azərbaycan reallığının obyektiv təhlilinə əsaslanır. Son 4 ildə Azərbaycanda həyata keçirilən islahatlar, görülən işlər bu fikirləri söyləmək üçün əsas yaradır. Yəni məqalədə elmi nəticələrin hamısının kökündə Azərbaycan prezidenti İlham Əliyevin gördüyü işlər dayanır. Məqalədə deyilir: «Növbəti beş ildə lazım olan məsələlərə çevik yanaşmaq mövqeyin möhkəmliyi kimi müəyyən edilə bilər. Vaxtilə Heydər Əliyev əsas funksiyanı yerinə yetirmişdir. Dövlətçilik yaratmış və möhkəmləndirmişdir. İ.Əliyev öz prezidentliyinin birinci müddətində ölkənin iqtisadi potensialını gücləndirmək üçün əsas işi görmüşdür. Tam əminliklə demək olar ki, gələcəkdə ölkənin hərtərəfli modernləşməsinə yönəlmiş tədbirlər kompleksini tam həcmdə həyata keçirəcəkdir».
Sadıq müəllim vacib bir məsələni qeyd etdi. Azərbaycan, təbii ki, ÜTT-nin üzvü olacaqdır. Amma buna düşünülmüş şəkildə hazırlaşmaq lazımdır. Bir çox hallarda bizə Moldova, Gürcüstan, Qırğızıstanı nümunə göstərirlər ki, onlar 7-8 il bundan əvvəl ÜTT-yə üzv olublar. Sual olunur: tələsik ÜTT-yə daxil olandan sonra bu ölkələrin iqtisadiyyatında nə kimi ciddi müsbət dəyişikliklər baş verib? Demək olar ki, baş verməyib. Faktlar göstərir ki, bu ölkələrin milli iqtisadiyyatı çox ağır vəziyyətə düşüb, idxal qat-qat çoxalıb, sosial problemlər daha da kəskinləşib. Biz bu cəhətləri nəzərə almalıyıq.
Biz də daxil olacağıq. Amma bunu o vaxt edək ki, bazara çıxmaq üçün rəqabətədavamlı iqtisadiyyatımızın əsasları möhkəmləndirək, ərzaq təhlükəsizliyimizi milli istehsal hesabına təmin edək. Bu gün Azərbaycan Avropaya daha çox lazımdır, nəinki Avropa Azərbaycana. Avropanın neft və qazının 90%-i kənardan gəlir. Azərbaycanın, Qazaxıstanın, Türkmənistanın enerji resursları oraya nəql olunmasa, Avropada çox böyük enerji böhranı baş verə bilər. Biz gərək Avropa dövlətlərinə və beynəlxalq təşkilatlara bərabər tərəfdaş kimi öz mövqeyimizi bildirək.

* * *
Respublikamızın keyfiyyətli iqtisadi inkişaf yolunda olması idarəçiliyin demokratik formasını daima təkmilləşdirməyə və möhkəmlətməyə əsaslı zəmin yaradır. Bu kurs növbəti beş ildə də ölkənin ictimai-siyasi inkişafının əsas səmtini təşkil edəcəkdir. Bu məsələyə toxunan İlham Əliyev deyir: Azərbaycanın uğurlu xarici siyasəti, bizim təşəbbüslərimiz - həm siyasi, həm iqtisadi, həm enerji, həm də nəqliyyat sahələrində təşəbbüslərimiz - qəbul olunur və bizim iradəmizdən asılı olaraq, bu təşəbbüslər Azərbaycanı daha da gücləndirir və güclü mərkəzə çevirir. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Azərbaycanın iştirakı olmadan bu bölgədə heç bir layihə həyata keçirilə bilməz. Azərbaycanın razılığı olmadan bu regionda heç bir siyasi, iqtisadi məsələlər, enerji, nəqliyyat məsələləri və başqa məsələ həll edilə bilməz. Bu həqiqət onu göstərir ki, Azərbaycan bölgənin aparıcı ölkəsinə çevrilir. Əgər bu ölkədən regional əməkdaşlıq məsələləri asılıdırsa, əgər bu ölkədən başqa ölkələrin enerji təhlükəsizliyi asılıdırsa, əgər bu, ölkədən siyasi proseslərin inkişafı asılıdırsa, əlbəttə ki, bu, ölkəni regionun aparıcı ölkəsinə çevirir. Bax, budur bizim real nailiyyətlərimiz, nəticələrimiz, siyasətimiz və fəaliyyətimiz: həm daxildə iqtisadi artım, siyasi sabitliyin möhkəmlənməsi, ictimai ab-havanın yaxşı olması, həm də hüdudlarımızdan kənarda olan məsələlərin uğurlu həlli. Bu, məsələlərə qlobal yanaşmadır.
Mən məmnunluqla bildirirəm ki, «dəyirmi masa» iştirakçıları Azərbaycanın gələcək inkişafı və modernləşmə ilə bağlı öz dəyərli fikirlərini söylədilər, ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının hazırlanmasının elmi əsaslarının möhkəmləndirilməsində iqtisadçı-alimlərimizin fəallığının artmasını arzu etdilər.

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır