AZE | РУС
 
FOTO QALEREYA
İctimai-siyasi fəaliyyəti
Dövlət büdcəsinin prioritetləri sosial-iqtisadi inkişafda pozitiv meylləri gücləndirir
Bu günlərdə Milli Məclisdə 2009-cu ilin dövlət büdcəsinin müzakirəsi ilə bağlı geniş və hərtərəfli keçirilən iclasda bir çox məsələlərə toxunuldu. Millət vəkilləri büdcənin sosialyönümlə investisiya tutumlu büdcə olduğunu vurğuladılar. Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri, millət vəkili Ziyad Səmədzadə "Səs" qəzetinə ekskluziv olaraq verdiyi müsahibəsində bu və digər məsələlərə aydınlıq gətirdi:
- Ziyad müəllim, son illər Azərbaycan iqtisadiyyatında baş verən müsbət dəyişiklikləri necə xarakterizə etmək olar?
- Son illər Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən böyükmiqyaslı keyfiyyət dəyişiklikləri bir daha təsdiqləyir ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi Azərbaycanın inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. 2003-cü ilin prezident seçkiləri ərəfəsində cənab İlham Əliyev demişdi: "Biz xalqla birlikdə Azərbaycanı inkişaf etdirəcəyik, ölkəmizi qüdrətli və zəngin dövlətə çevirəcəyik".
Prezident seçkilərindən keçən beş il ərzində Azərbaycanın sosial-iqtisadi həyatında baş verən irimiqyaslı kəmiyyət və keyfiyyət dəyişiklikləri respublikamızın iqtisadi qüdrətini daha da yüksəlmiş, ölkəmiz qloballaşan dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. Son 5 ildə milli maraqlara cavab verən investisiya siyasətinin təkmilləşməsi, real sektorun strukturunda keyfiyyət dəyişikliklərinin edilməsi, infrastruktur sahələrinin yenidən qurulması, iqtisadi inkişafın strateji resursu olan sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılması, həyat səviyyəsini müntəzəm olaraq yüksəltmək fundamental vəzifələr kimi müəyyənləşdirilmiş və onların reallaşması təmin edilmişdir. Ötən 5 ili Azərbaycanın, bilvasitə, təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli və irimiqayslı infrastruktur layihələrinin dövrü kimi də xarakterizə etmək olar. Məhz belə bir inkişafın nəticəsidir ki, Dünya Bankı ilə onun mühüm struktur vahidi olan Beynəlxalq Maliyyə Korporasiyasının dünya bölgələrində biznes mühitinə dair "Doing Business-2009" hesabatında Azərbaycan 181 ölkə arasında bir nömrəli islahatçı ölkə elan olunub. Onu göstərmək kifayətdir ki, 2003-2008 ÜDM-5,8 dəfə, valyuta ehtiyatları-10,9 dəfə artmışdır. 2003-2008-ci illərdə ölkə iqtisadiyyatının inkişaf dinamikası, onu da deməyə əsas verir ki, ölkəmizin məqsəd və vəzifələri dəqiq müəyyənləşdirilmiş, keyfiyyətli yaşayış səviyyəsini təmin etməyə imkan verəcək Azərbaycan modeli əsasında inkişaf etmişdir.
- Hal-hazırda vacib problemlərdən biri də dünyada baş verən maliyyə böhranıdır. Sizcə, bu böhran Azərbaycana təsir edəcəkmi?
- Maraqlı sualdır. Ekspertlərin fikrincə, indi dünya iqtisadiyyatı 2003-cü ildən etibarən ən aşağı səviyyəyə enib. Maliyyə böhranının əsas dalğası ABŞ, Fransa, Böyük Britaniya, İrlandiya, İsveçrə, Lüksemburq, Tailand, Yaponiya və İspaniyaya toxunub. Dəymiş zərər 11 trln dolları ötüb. Bu isə Çin, Yaponiya və Almaniyanın illik ÜDM-nin həcmi qədərdir. Bu da maraqlıdır ki, böhran Asiya qitəsinin digər ölkələri olan Çin, Hindistan və Vyetnamdan yan keçib.
Tənəzzülün səbəbləri kimi isə ABŞ-da ipoteka kreditləşdirilməsi sistemində böhranın yaranması və onun dalğasının digər ölkələrə də keçməsi göstərilir. Böhranın səbəblərindən biri isə son illər dünya iqtisadiyyatın anomal inkişaf sürətinin olması göstərilir. Bu il ABŞ-da iqtisadiyyatın inkişaf sürətinin 3 faizdən 1,5-1,2 faizə enəcəyi proqnozlaşdırılır. Zərər çəkmiş nəhəng Avropa və ABŞ banklarının itkiləri 100 mlrd dollara çatıb. Lakin bu rəqəmin 700 mlrd dolları ötəcəyi proqnozlaşdırılır. Büdcə hazırlanarkən, təbii ki, dünya iqtisadiyyatında baş verən proseslər diqqətlə təhlil olunmuş, onların Azərbaycan iqtisadiyyatına bu və ya digər dərəcədə təsiri araşdırılmışdır. Dövlət başçısı İlham Əliyev də öz çıxışlarında bildirib ki, dünyada maliyyə böhranı ilə əlaqədar nə qədər narahatçılıq olsa da, Azərbaycan özünü tam əmin hiss edir və biz düşünülmüş siyasətlə və yaratdığımız güclü iqtisadiyyatla özümüzü böhranlı vəziyyətdən qoruyuruq. Nə Azərbaycan dövləti, nə Azərbaycan iqtisadiyyatı, nə də Azərbaycan vətəndaşı bu böhranı hiss etmir. Hesab edirəm ki, hökumətin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində maliyyə böhranının respublikamıza təsiri hiss olunacaq səviyyədə olmayacaqdır.
- Büdcə vəsaitlərindən istifadə zamanı şəffaflığın təmin olunması səmərəliliyi barədə nə deyə bilərsiniz?
- Müstəqil dövlətin ali iqtisadi sənədi sayılan dövlət büdcəsinin formalaşması, qəbul edilməsi və icrası ilə bağlı bütün əsas məsələləri özündə əks etdirən büdcə sistemi haqqında qanunun qəbulu ölkənin maliyyə resurslarından istifadədə şəffaflığın və nəzarətin təmin edilməsi, Azərbaycanın dünya maliyyə sisteminə qovuşması üçün geniş imkanlar yaratdı. Şəffaflığın artırılması və nəzarətin güclənməsini təmin edən daha bir mühüm vasitə - Hesablama Palatası yaradıldı. Bu gün qeyd etdiyim institut respublikanın ali maliyyə nəzarət orqanı kimi uğurla fəaliyyət göstərir. Bu yaxınlarda qanunvericilikdə edilən dəyişikliklərə görə Hesablama Palatasına kifayət qədər səlahiyyət verildi ki, o, ali nəzarət orqanı kimi büdcə vəsaitlərinin formalaşması və xərclənməsi işinin daha səmərəli qurulmasını təmin etsin. Əminik ki, bu sahədə hələ xeyli iş görülməlidir. Bunun üçün isə, ilk növbədə, büdcənin reallığı, tamlığı, şəffaflığının təmin olunmasına diqqət daha da artırılmalıdır. Azərbaycan İqtisadçılar İttifaqının və Auditorlar Palatasının təşkilatçılığı ilə 2008-ci il sentyabrın 18-də Bakıda, "Gülüstan" sarayında "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planının icrasını dəstəkləmək məqsədilə "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə nəzarətin rolu və əhəmiyyəti" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Həmin konfransda çıxış edən zaman, qeyd etdim ki, bəşər cəmiyyəti üçün son dərəcə ağrılı olan bu prolemin tarixi çox qədimdir. Lakin qloballaşan dünyada onun fəsadları daha miqyaslı və daha təsirlidir. Ona görə də şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə bütün dövlətlər, xüsusilə də, keçid dövrünü yaşayan yeni müstəqil dövlətlər daha çox maraqlıdır ki, bunun da obyektiv və subyektiv səbəbləri vardır... Müstəqilliyin ilk illərində ölkədə hökm sürən hərc-mərclik, iqtisadiyyatın, böhran vəziyyətinə düşməsi, dövlətin ən adi funksiyalarını yerinə yetirmək iqtidarında olmaması, professionallıqdan uzaq olan insanların ali idarəetmə strukturlarına başçılıq etməsi bütün səviyyələrdə nəzarətin rolunu heçə endirmişdi. Maliyyə-pul sisteminin iflic vəziyyətinə düşmüş, barter razılaşmaları, nəqdsiz hesablaşmaların səviyyəsinin kritik həddə çatmış, qanunvericilikdəki boşluqlar problemi daha da kəskinləşmişdi. O illərdən 15 il keçir. Heydər Əliyev yenidən respublika rəhbəri seçildikdən sonra şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin mərhələ-mərhələ gücləndirilməsi xətti müəyyənləşdirildi. Bu gün büdcə vəsaitlərindən istifadəyə nəzarət etmək imkanları xeyli genişlənmişdir. Millət vəkillərinə büdcə zərfi, burada qeyd olunan rəqəmlərin əsaslandırılması ilə ələqədar kifayət qədər material təqdim olunmuşdur. Bu Dövlət Büdcəsinin Milli Məclisdə ətraflı, professional müzakirəsi üçün çox vacibdir.
- Məlumdur ki, ölkənin maliyyə imkanlarının genişlənməsi, ilk növbədə, gəlirlərin artması və onların büdcəyə cəlb edilməsi ilə bilavasitə bağlıdır. Xahiş edirəm ki, dövlət büdcəsinin gəlirlərinin formalaşması, dinamikası barədə fikirlərinizi açıqlayasınız?
- Çox mühüm bir məsələyə toxundunuz. Bəli, Azərbaycanın maliyyə imkanları ildən-ilə genişlənir. Halbuki müstəqilliyin ilk illərində ölkənin xəzinəsi boş idi, biz iqtisadiyyatda, sosial sahədə yaranmış çətin vəziyyəti yüngülləşdirmək üçün ağır şərtlərlə borc alırdıq. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiya öz rolunu oynadı. Artıq bir neçə ildir ki, dövlət büdcəsinin gəlirlərinin formalaşmasında heç bir ciddi problem yaranmır. Onu göstərmək kifayətdir ki, son 5 ildə büdcə gəlirləri-8,6 dəfə, xərclər-9 dəfə, adambaşına büdcə gəlirləri-8,2 dəfə, xərclər-8,5 dəfə, əhalinin pul gəlirləri bir neçə dəfə artmışdır. Büdcə sistemi, Gömrük Məcəlləsi, Vergi Məcəlləsi, Bank və Sahibkarlıq fəaliyyəti haqqında və s. qanunların qəbul olunması, Prezident İlham Əliyevin sərəncam və fərmanları ölkənin iqtisadi inkişafı, azad bazar münasibətlərinin formalaşması üçün güclü zəmin yaratmışdır.
Həmçinin, real sektorun diversifikasiyası, daxili investisiya imkanlarının genişləndiyi şəraitdə yaradılan istehsal müəssisələrinin büdcə gəlirlərinin formalaşmasında müstəsna xidmətini də qeyd etmək yerinə düşərdi. Əlbəttə, büdcə gəlirlərinin təmin edilməsində müvafiq strukturların rolu əvəzsizdir. Qanunvericilik səviyyəsində edilmiş dəyişikliklər də məhz bu məqsədə xidmət edir. Ölkədə vergi sistemində aparılan islahatlar, vergi intizamının möhkəmləndirilməsi, Vergi Məcəlləsinə edilən dəyişikliklər nəticəsində son 5 ildə Vergilər Nazirliyi tərəfindən büdcə daxil olmalarının 6,6 dəfə artması təmin edilmişdir. Vergi daxilolmalarının ÜDM-ə nisbəti 11,4 faizdən 13,2 faizə qalxmışdır. Bu meyil özünü 2009-cu il büdcəsində də göstərir. 2009-cu il dövlət büdcəsinin gəlirlər hissəsinin 47,22 faizini vergi daxilolmaları təşkil edir. Nisbi kəmiyyət azalsa da, lakin mütləq kəmiyyət baxımından bu 5 mlrd 750 mln manat olmaqla çox böyük rəqəmdir. Onu da vurğulamağı vacib sayıram ki, əlavə dəyər vergisi büdcə gəlirlərinin 18,9 faizini təşkil etməklə 2295,0 mln manat proqnozlaşdırılır ki, bu da 2008-ci ilə nisbətən 21,8 faiz çoxdur. Bu vergi növü üzrə daxilolmaların 60,8 faizinin vergi orqanları, 39,2 faizinin isə gömrük orqanları tərəfindən büdcəyə köçürülməsi nəzərdə tutulur. Növbəti ildə ÜDM-in və son istehlakın artım səviyyəsi, habelə, bu sahədə aparılan islahatlar əlavə dəyər vergisi üzrə proqnozun reallığına zəmin yaradır. Son 2 ildə bu sahədə atılan addımlar, "vahid pəncərə" sisteminin tətbiqi, ƏDV ilə bağlı tədbirlər və s. öz müsbət nəticələrini göstərir. Heç şübhəsiz, yaxın gələcəkdə vergi qanunvericiliyi daha da təkmilləşməli, mənfəət vergisinin, əlavə dəyər vergisinin dərəcələrinin dəyişilməsi istiqamətində əsaslı araşdırmalar aparılmalıdır. Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 1,3 mlrd manat nəzərdə tutulur ki, bu da 2008-ci ilə nisbətən 17,1 faiz çoxdur. Qurum tərəfindən təmin ediləcək vergi və rüsumların dövlət büdcəsinin gəlirlərində xüsusi çəkisi 10,7 faiz təşkil edəcəkdir. Dövlət büdcəsinə digər mənbələrdən 5122,3 mln manat vəsaitin daxil olacağı proqnozlaşdırılır ki, bunun da 4915,0 mln manatını və ya büdcə gəlirlərinin 40,4 faizini Dövlət Neft Fondundan transfert, 137,0 mln manatını və ya 1,1 faizini büdcədən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri, 70,3 mln manatını və ya 0,6 faizin digər daxilolmalar təşkil edəcəkdir. Bu daxilolmalar 2008-ci ilin proqnozuna nisbətən 28,4 faiz çox olacaqdır. Regionların sürətli inkişafı ilə əlaqədar olaraq gəlirlərin formalaşmasında pozitiv meyillər özünü göstərir. Yerli gəlirlərin artım tempi 2003-cü illə müqayisədə 53,9 faiz təşkil edib. Nəticədə 2008-ci ilə nisbətən 2009-cu il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən yerli gəlirlərin tənzimlənməsi üçün verilən vəsaitlərin xüsusi çəkisi 4,6 faiz azalmışdır.
- Digər vacib məsələ dünyada neftin qiymətinin dəyişməsinin dövlət büdcəsinə və iqtisadiyyatına təsiri məsələsidir. Bu barədə sizin mövqeyiniz oxucularımız üçün maraqlı olardı?
- Bu gün dünya bazarında neftin qiymətinin qısa zaman kəsiyində dəyişməsi, əlbəttə, iqtisadiyyat üçün problemlər yaradır. Bu məsələ qlobal xarakter daşıyır. Biz bu prosesi daima izləməliyik ki, düzgün nəticələr çıxaraq. Son 10 ildə neftin qiyməti o qədər sürətlə enib-qalxıb ki, hansısa bir qanunauyğunluğu qeyd etmək çox çətindir. Qeyd edək ki, son 7 ildə neftin 1 barrelinin qiymətinin dəyişməsi meyili bizim üçün çox uğurlu olmuşdur. 2002-ci ildə 25,1 dollar olan neftin qiyməti 2007-ci ildə 71, 2008-ci ildə isə hesablamalara görə orta hesabla 100 dollar təşkil edəcəkdir. 2009-cu il büdcəsinin proqnozlarında onun qiyməti yenə də 70 dollar müəyyən edilmişdir ki, bu da hesab edirəm ki, düzgün, düşünülmüş addımdır. Bizim kifayət qədər ehtiyatımız var ki, pessimist proqnozlar etməyək, nəzərdə tutulmuş iqtisadi və sosial proqramları reallaşdıraq. Məlum olduğu kimi, 1999-cu ildə Neft Fondu yaradılmışdır. Neft satışından əldə etdiyimiz vəsaitlər həmin fondda cəmlənir. Əgər bizim neft fondumuz olmasaydı, biz məcbur olacaqdıq ki, xərcləri azaldaq, bununla da, inkişafımızı ləngidək. Bu əsla, düz olmazdı. Təbii ki, bu, eyni zamanda, qarşıya yeni vəzifələr qoyur, qeyri-neft gəlirlərinin daha sürətlə artırılması üçün imkanların reallaşmasını zəruri edir. Bir daha qeyd etmək istəyirəm ki, neftin qiyməti 50-60 dollara düşdüyü halda, belə biz müəyyən edilmiş sosial-iqtisadi vəzifələri yerinə yetirəcəyik. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən ixrac olunan neftin 2008-ci ilin yanvar-sentyabr ayları üzrə orta ixrac qiyməti 1-ci rüb üçün 96,50 dollar, 2-ci rüb üçün 122,80 dollar və nəhayət, 3-cü rüb üçün 116,00 dollar qeydə alınıb. 9 ay üzrə orta ixrac qiyməti isə 111,80 dollar təşkil edib. Yenə də təkrar edirəm ki, qiymət qlobal dünya iqtisadiyyatında baş verən dəyişikliklərin təsirinə məruz qalır.
- Vacib məsələlərdən biri də dövlət büdcəsində sosial yönümlü xərclərə ayrılan vəsaitlə bağlıdır. Bu barədə nə deyə bilərsiniz?
- Dövlət büdcə alətindən səmərəli istifadə edərək müəyyən etdiyi cari və perspektiv vəzifələri həyata keçirir. XXI əsrin cəmi 8 ili ərzində büdcənin gəlirləri 17 dəfə artmışdır. 2009-cu ildə dövlət büdcəsinin gəlirləri təxminən 12,1 mlrd manat və ya 15,2 mlrd dollar olacaqdır. 2000-ci ildə bu rəqəm 714 mln, 2003-cü ildə 1,2 mlrd manat olmuşdur. Gələn ilə artım 16,1 faiz olacaqdır. Mütləq mənada bu artım 2001-2002-ci illərdəki dövlət büdcəsinin həcmi qədərdir. Azərbaycan hökuməti dövlət büdcəsinin xərclərinin əsas istiqamətlərini düzgün müəyyənləşdirmişdir.
Prezident İlham Əliyev demişdir: "Biz böyük, nəhəng infrastruktur layihələrini həyata keçirməliyik, insanların həyat səviyyəsini yaxşılaşdırmalıyıq. Maaşlar artmalıdır, pensiyalar artmalıdır. Minimum əmək haqqı, minimum pensiya, dövlətdən maliyyələşən bütün kateqoriyalı insanların əmək haqları qaldırılacaqdır".
Dövlət başçısının bu prinsipial mövqeyi strateji əhəmiyyət kəsb edir. 2009-cu ilin dövlət büdcəsində sosial yönümlü xərclər üçün ayrılan vəsait bir sıra tədbir və proqramların maliyyələşdirilməsinə yönəldiləcəkdir. Bunlara "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı"nı, "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı"nı, "Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir avadanlıqları ilə təmin olunmasına dair Proqramı"nı, "Texniki peşə təhsilinin inkişafı Dövlət Proqramı"nı, "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı"nı, "Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi Dövlət Proqramı"nı, "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı"nı, "Xroniki böyrək çatışmamazlığı üzrə Tədbirlər Proqramı"nı, "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı"nı, "Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı"nı, "Şəkəli diabet üzrə Dövlət Proqramı"nı, "Azərbaycan gəncliyi Dövlət Proqramı"nı və s. aid etmək olar. Bir daha qeyd edirəm ki, Dövlət Büdcəsinin 2009-cu il üçün müəyyən edilmiş parametrlərinin qəbulu Azərbaycanın dayanıqlı, sabit inkişafı üçün real perspektivlər açacaq, iqtisadi inkişafla sosial inkişaf arasında tarazlığın təmin edilməsinə öz töhfəsini verəcəkdir.
- Ölkə başçısı çıxışlarında ərzaq təhlükəsizliyinin prioritet məsələ olduğunu bildirmişdir. Bununla əlaqədar olaraq 2009-cu il büdcəsində hansı tədbirlər nəzərdə tutulub?
- Aqrar sektorun dayanıqlı inkişafında dövlət büdcəsinin rolunun artması çox düzgün, milli mənafelərə xidmət edən bir siyasət kimi qiymətləndirilməlidir. Kənd təsərrüfatı istehsalçılarını həvəsləndirmək, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə dünyanın əksər ölkələrində özünü doğrultmuş iqtisadi mexanizmlərdən istifadə edilməsi aqrar sektorun inkişaf göstəricilərini xeyli yaxşılaşdıracaqdır. Bu gün Azərbaycan hökuməti aqrar sektorun inkişafı istiqamətində konkret tədbirlər həyata keçirir. Buraya lizinq xidmətinin, toxumçuluğun inkişafını, damazlıq bankının, məhsulların saxlanma anbarlarının yaradılmasını, kəndlilərə yanacağın, gübrələrin güzəştli şərtlərlə verilməsini, "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında qanun"un müddətinin uzadılmasını və s. aid etmək olar. 2009-cu ilin dövlət büdcəsinin prinsipial fərqli cəhətlərindən biri ondan ibarətdir ki, həm hökumətdə, həm də ictimaiyyətdə ərzaq təhlükəsizliyi məsələsinə reallığı və gələcəyi nəzərə alan yeni baxışlar formalaşdırır. Dövlət başçısı ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsini ən prioritet vəzifələrdən biri kimi qiymətləndirir. 2009-cu il dövlət büdcəsində kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərclərinin 2003-cü illə müqayisədə 5,3 dəfə artırılması nəzərdə tutulub. Kənd təsərrüfatı istehsalçılarına kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 10 mln manat məbləğində vəsaitin ayrılması proqnozlaşdırılır. Hesab edirəm ki, kənd təsərrüfatının davamlı inkişafına nail olmaq üçün ixtisaslaşmaya fikir verilməli, özəl sektorun emal sənayesinə fəal cəlb edilməsi, xammal bazasının əsasında emal müəssisələrinin yaradılması istiqamətində əməli işlər görülməlidir.
- Ümumiyyətlə, təqdim olunmuş dövlət büdcəsi layihəsi hansı problemləri həll etməyə imkan verir?
- Təqdim olunmuş qanun layihəsi 2009-cu ilin dövlət büdcəsinin sosial yönümlü və investisiya tutumlu, ümumiyyətlə, keyfiyyətli inkişaf büdcəsi olduğunu göstərir. Qeyd etmək istəyirəm ki, 2009-cu ilin dövlət büdcəsi zərfi yüksək səviyyədə hazırlanmış, qanunvericiliklə müəyyən olunmuş müddətdə Milli Məclisin müzakirəsinə təqdim edilmişdir ki, bu da qarşıya qoyulan vəzifələrin uğurla reallaşmasına, Azərbaycan iqtisadiyyatının tərəqqisinə xidmət edəcəkdir. Beləliklə, 2009-cu il dövlət büdcəsi layihəsinin qəbulu, heç şübhəsiz ki, ölkədə baş verən pozitiv meyillərin güclənməsinə, müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, milli iqtisadiyyatın inkişaf etdirilməsinə, ərzaq təhlükəsizliyinin, infrastruktur, informasiya texnologiyalarının inkişaf etdirilməsinə, sosial, elm, təhsilin inkişafına, milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin inkişafına qayğını artırılmasına, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu yüksəlməsinə, şəffaflığın təmin olunmasına xidmət edəcəkdir. Məhz belə bir siyasətin nəticəsidir ki, ölkənin maliyyə imkanları ildən-ilə genişlənir. Bizim bu artım nəticəsində ölkə başçısının müəyyənləşdirdiyi sosial-iqtisadi siyasəti müvəffəqiyyətlə həyata keçirilməsinə nail olacağımıza tam əminliyimi bildirirəm.
20.11.2008-ci il "Səs" qəzeti
MEDİA QALEREYA
VİDEO
  подробнее...
FOTO ALBOM
  подробнее...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Все права защищены. Сайт разработан  веб студией Lider