ELMƏ VƏ İNKİŞAFA XİDMƏT EDƏN STRUKTURU DAĞITMAĞIN HEÇ BİR ƏSASI YOXDUR! "İqtisadiyyat" qəzetinin 6-11 noyabr tarixli 47-ci sayında Azərbaycan Dövlət İqtisad Universitetinin elm və informasiya texnologiyaları üzrə prorektoru, iqtisad elmləri doktoru, "Beynəlxalq iqtisadi münasibətlər" kafedrasının professoru Əvəz Bayramovun "İqtisad elminin strukturu haqqında mülahizələr" adlı məqaləsi dərc olunmuşdur. 1 dekabr tarixində "İqtisadiyyat" qəzetinin redaksiyasında "Dəyirmi masa" keçirilmiş və bu məqalə müzakirə olunmuşdur. "Dəyirmi masa"da akademik Asəf Nadirov, Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, akademik Ziyad Səmədzadə, AMEA-nın müxbir üzvü, Azərbaycan Universitetinin rektoru Akif Musayev, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Sadıq Salahov, AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru İsa Alıyev, "Təfəkkür" Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev, İctimai-siyasi Universitetin rektoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının sədri, iqtisad elmləri doktoru, professor Rasim Nəbiyev, ADNA-nın kafedra müdiri, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev, Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini, iqtisad elmləri doktoru, ADİU-nun professoru Rəsul Balayev, iqtisad elmləri namizədi, BDU-nun dosenti Fərhad Qarayev iştirak etmişlər. AKADEMİK ZİYAD SƏMƏDZADƏ: - Bugünkü "Dəyirmi masa"nın iştirakçıları respublikanın görkəmli iqtisadçı alimləridir. Müzakirə edəcəyimiz məsələ "İqtisadiyyat" qəzetində iqtisad elmləri doktoru, professor Əvəz Bayramovun çap edilmiş "İqtisad elminin strukturu haqqında mülahizələr" məqaləsi ilə əlaqədardır. Məqalədə qaldırılan fikirlərin iqtisad elminin inkişafı, iqtisadi inkişafın elmi təminatı ilə əlaqədar olmasını nəzərə alaraq məqalənin müzakirəsini məqsədəuyğun hesab edir, qeyd etmək istəyirəm ki, "İqtisadçılar İttifaqı" və "İqtisadiyyat" qəzetinin elmi redaksiya heyəti tərəfindən azad mətbuatda aktual bir problemlə bağlı azad fikrin müzakirə olunması cəmiyyətdə konsensusun əldə olunması üçün çox vacibdir. Bir iqtisadçı alim, vətəndaş, ziyalı kimi dərin hörmət etdiyim Əvəz müəllimin yuxarıda adını çəkdiyim məqaləsinin də bizim "Dəyirmi masa"da müzakirəsi məhz bu məqsədə xidmət edir. Hamıya bəllidir ki, Azərbaycan iqtisad elmi böyük inkişaf yolu keçib. Ölkəmizdən kənarda da böyük nüfuz qazanan elmi məktəb, güclü elmi kadr potensialı formalaşıb və bu kadr potensialı bu gün müstəqil Azərbaycanın inkişafına xidmət edir. Amma məqalədə səslənən fikirlər bütün bu elmi nailiyyətlərə kölgə salır. İqtisad elminin bir sıra sahələrinin yararsız olduğunu özündə ehtiva edir. Bu təkliflər iqtisad elmində varisliyi, ənənələri pozur, elmi məktəblərin nüfuzuna xələl gətirir, respublika iqtisadiyyatının inkişafı naminə görülmüş işlər üzərindən xətt çəkir. Elm böyük bir sistemdir, onun sahələrinin təsnifatı da hər şeydən əvvəl ümumi prinsiplərə, meyarlara əsaslanmalıdır. Hər bir elm sahəsinin yalnız özünün əsaslandırılmamış, kökü olmayan prinsipləri, meyarları əsasında təsnifləşdirilsə, şübhəsiz ki, ortaya nəticəsi çox ağır olan problemlər çıxar. Bu gün respublikanın elm və təhsil ocaqlarında çoxsaylı aspirant və dissertant təhsil alır. Onların mövzularının təklif edilən təsnifata görə bölüşdürülməsi nə qədər ağır, mürəkkəb problemlər yarada bilər. Buna ehtiyac varmı? Əlbəttə yox. Ən başlıca məsələ ondadır ki, biz özümüz iqtisad elminin inkişafına güclü zərbə vurmuş olarıq. Məqalə çox ciddi problemə sistemli yanaşmanın məhsulu deyildir (elmi rəhbər, müdafiə şurası, beynəlxalq elmi əməkdaşlıqda qeyri-müəyyənlik, respublikadan kənarda başqa şifri ilə müdafiə sisteminin aparılması və s.). Məqalədən bir fikri oxumaq istərdim. "Mühasibat uçotu mahiyyətcə iqtisadi təhlil, audit məzmunlu yönümdür. Eyni zamanda, mühasibat uçotu - ayrıca nəzəriyyəsi, metodologiyası və fəlsəfəsi olan əlahiddə bir elm deyildir". Bu tamamilə səhv fikirdir. Dünyanın ən aparıcı elm-təhsil ocaqlarında mühasibat uçotu, audit statistika sahəsində elmi-tədqiqatlar ildən-ilə genişlənir. Bu elmin nəzəri-metodoloji problemlərinin tədqiqi beynəlxalq səviyyədə ən aktual problem kimi qarşıya qoyulur. Mən mühasibat uçotu, audit, statistika şifri daxilində bir neçə elmi istiqamətləri qeyd etmək istərdim: bu elmi istiqamətin nəzəri, metodoloji problemlərindən bir neçəsini qeyd etmək istərdim: Mühasibat uçotu, təhlil, audit, statistikanın nəzəriyyəsi və metodologiyası aşağıdakılardan ibarətdir: - İlkin paradiqmalar, baza konsepsiyaları, əsas prinsiplər, postulatlar və mühasibat uçotu qaydaları; - sosial-iqtisadi məcmunu xarakterizə edən uçot və statistika göstəricilərinin qurulması metodologiyası; - maliyyə nəticələrinin uçotu, nəzarəti və təhlili metodologiyası; - mühasibat uçotunun müxtəlif sistemlərinin adaptasiyası və onların beynəlxalq standartlara uyğunluğu; - xərclərin uçotu problemi və dəyərin kalkulyasiyası, statistik təhlilin metodları; - maliyyə-təsərrüfat fəaliyyətinin nəzarəti və auditi; - sosial-iqtisadi məcmunu xarakterizə edən statistik göstəricilərin metodologiyasının qurulması: - statistik məlumatların öyrənilməsi metodları: təsnifatlaşdırma və qruplaşdırma, sosial-iqtisadi hadisələrin və proseslərin təhlili metodları, statistik modelləşdirmə, iqtisadi konyunkturanın və işgüzar fəallığın tədqiqi, tsikllərin müəyyənləşdirilməsi, sosial-iqtisadi hadisələrin və proseslərin inkişafının proqramlaşdırılması; - sosial və iqtisadi monitorinqin metodologiyası, ərazi vahidlərinin qeyri-bərabər inkişafının ölçülməsi; - milli hesablar və makroiqtisadi hesablaşmaların metodologiyasının təkmilləşdirilməsi, region, sahə və bütövlükdə iqtisadiyyat üçün balansların qurulması metodologiyası, xarici iqtisadi əlaqələrin tədiyyə balansı və statistik göstəricilərinin qurulması; - maliyyə və sığorta risklərinin müəyyənləşdirilməsi metodları, biznes risklərin qiymətləndirilməsi, risk və qeyri-müəyyənlik şəraitində nəticələrin müəyyənləşdirilməsi, qərarların qəbulu, maliyyə-iqtisadi hesablamaların metodologiyası. Müasir şəraitdə mühasibat uçotunun nəzəriyyəsi və əməli problemlərinin elmi araşdırılmasına ciddi ehtiyac hiss olunur. Dünya böhranı ilə əlaqədar keçirilən rəsmi və qeyri-rəsmi müzakirələrdə bu bir daha təsdiqləndi. Mühasibat uçotu, təhlil, audit və statistika elm deyil demək nə milli, nə qlobal maraqlara, nə də elmimizə xidmət etmir. Məqalədə səslənən "Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi şifrində nəzərdə tutulanlar ya makro, ya mikro, ya da dünya iqtisadiyyatına aiddir." fikir barədə deyə bilərəm ki, bu belə deyil. Hər bir şifrin beynəlxalq miqyasda bizimlə sıx elmi əməkdaşlıq edən MDB məkanında qəbul edilmiş təsnifatı var. SADIQ SALAHOV: Ziyad müəllim, istərdim ki, mikroiqtisadiyyat barədə elmin əsas tədqiqat obyektini bir qədər açıqlayasınız. ZİYAD SƏMƏDZADƏ Dünya iqtisad elmində və təcrübəsində qəbul edilmişdir ki, mikroiqtisadiyyat-iqtisadi agentlərin istehsal, bölgü, istehlak mübadilə prosesində fəaliyyətini öyrənən elmdir. O, aşağıdakı əsas istiqamətləri tədqiq edir: 1. İstehlakçı problemi - nə üçün agentlər məhz bu nemətlər yığımını (bir qayda olaraq, son istehlak üçün) seçirlər. 2. İstehsalçı problemi - istehsalçı - agentlər məhz bu istehsal amilləri yığımını və məhsul buraxılışı strukturunu necə və nə üçün seçirlər. 3. Ümumi tarazlıq - bazar iqtisadi cəhətdən qeyri-səmərəli olduqda əmtəə və xidmətlərə qiymətlər necə və üçün formalaşır; fərqli təkliflər zamanı mübadilə necə baş verir. 4. İnformasiyanın assimetriyası - iqtisadi agentlərin informasiya çoxluqlarının üst-üstə düşməməsi necə və nə üçün iqtisadi qeyri-səmərəliliyə gətirib çıxara bilər. 5. Eksternaliyalar (xarici effektlər) - öz seçimi ilə digər agentlərin qərarlarına dolayı yolla təsir etmək imkanı necə və nə üçün iqtisadi qeyri-səmərəliyə gətirib çıxara bilər. 6. İctimai nemətlər - iqtisadi nemətlərin bəzi tiplərinin (növlərinin) mövcudluğu necə və nə üçün iqtisadi qeyri-səmərəliyə gətirib çıxara bilər. Mikroiqtisadiyyat elmi bir istiqamət kimi çoxlarının düşündüyü kimi ayrı-ayrı sahələrin iqtisadiyyatını öyrənmir. Onun məqsədi tamamilə başqadır. Mikroiqtisadiyyatın nəzəri, metodoloji problemləri 01 şifri, bəzi problemləri 05 şifri çərçivəsində tədqiqat obyekti kimi çıxış edə bilər və s. Mən akademik AsƏf Nadirovun salamlarını sizə çatdırıram. Biz telefon bağlantısı ilə onun sözlərini eşidirik. AKADEMİK ASƏF NADİROV: - "Dəyirmi masa""nın iştirakçılarının hər birini salamlayıram. Məlum məqalədə məni narahat edən cəhətlər çoxdur. Müəllif yazır ki, "Regional iqtisadiyyat" ümumiyyətlə, yararsızdır və Rusiyanın təcrübəsindən istifadə etməklə struktura daxil edilmişdir. Azərbaycan unitar dövlətdir və onun federativ quruluşla heç bir oxşarlığı yoxdur. Yəni bu mənada ölkənin hansısa rayonunu, yaxud rayonlar qrupunu "regional iqtisadiyyat" adı altında dissertasiya obyekti kimi seçməyin heç bir elmi aktuallığı yoxdur. Bu, tamamilə əsası olmayan, məntiqsiz fikirdir. Həm Azərbaycan, həm də dünya reallığına ziddir. Regional iqtisadiyyat XIX-XX əsrlərdə bütün dövlətlər üçün aktual olmuş, indi də, gələcəkdə də olacaqdır. Dünyanın bütün inkişaf etmiş ölkələrində regional iqtisadiyyatla bağlı elmi məktəblər formalaşır. Regionların təbii-iqtisadi müxtəlifliyi iqtisadi yanaşmaların da müxtəlifliyini tələb edir. Bu sahədə vacib olan tədqiqatları görməmək məni təəccübləndirir. Heydər Əliyev respublika rəhbəri seçiləndən sonra regionların inkişafı problemlərini önə çəkdi. Bunun üçün dövlət orqanlarına və Elmlər Akademiyasına müvafiq tapşırıqlar verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə təşəbbüsü və başçılığı ilə regionların sosial-iqtisadi inkişaf Proqramı həyata keçirilir. Bu proqramların elmi təminatının yaxşılaşması da ön plana çəkilir. Ona görə də, mən heç cür başa düşmürəm ki, müəllif nə məqsədlə regional iqtisadiyyatı yararsız adlandırır. Əksinə, bundan sonra da bu şifr üzrə elmi-tədqiqat işləri daha da genişlənməli, onların keyfiyyəti artırılmalıdır. ZİYAD SƏMƏDZADƏ: - Asəf müəllim, "Dəyirmi masa" iştirakçıları adından Sizə təşəkkür edirəm. Sizin bilavasitə gərgin tədqiqatlarınız əsasında regional iqtisadiyyat, məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi sahəsində güclü iqtisadi-elmi məktəb yaradılmışdır. Biz hamımız bu elmi məktəbi qorumalı və onun inkişafının qayğısına qalmalıyıq. AKİF MUSAYEV: - Hamınızı salamlayıram. Bu toplantı üçün dərin minnətdarlığımı bildirirəm. Biz hökmən bu məsələyə münasibətimizi bildirməliyik. İnkişafın istiqamətləri, təbiətin, cəmiyyətin, bəşəriyyətin qoyduğu problemlər istər-istəməz bu və ya digər istiqamətin inkişaf zərurətini yaradır. Dünyada baş verən proseslər iqtisadiyyatın müəyyən sahələrinin inkişafına səbəb olur. Buna uyğun da elmi istiqamətlər yaranır. İndi məgər cəmiyyət geriyə inkişaf eləyir? Əksinə, bu gün artıq mövcud istiqamətlər azlıq eləyir. Misal üçün, Amerikanın Corciya universitetində doktorluq işlərinin istiqamətləri haqqında məndə məlumatlar var. Burada sahələrin sayı daha çoxdur. Mühasibatlıq, maliyyə, menecment, marketinq, əmlak, risk, sığorta və s. istiqamətlər. Getdikcə bu istiqamətlər genişlənir. Məqalədə transmilli korporasiyalardan danışılır. İndi mövcud olan hansı istiqamət transmilli korporasiyaların problemlərini həll edə bilir? Deməli, yeni istiqamət yaranmalıdır. VAHİD NOVRUZOV: - "İqtisadiyyat" qəzetinin keçirdiyi "Dəyirmi masa"ları və müzakirələri alqışlayıram. Arzu edirəm ki, belə tədbirlər mütəmadi olsun. Mən çox istərdim ki, yaxın vaxtlarda bir qədər də geniş heyətlə dünyada maliyyə böhranını, ölkə prezidentinin imzaladığı və həyata keçirilən dövlət proqramlarını, şəffaflıq strategiyasını belə "Dəyirmi masa"larda müzakirə edək. İnşallah, bizim Qarabağ torpağı azad olunacaq. Qarabağın iqtisadi problemləri gərək indidən bizim müzakirə obyektimizə çevrilə. Neyləmək, necə etmək? Hansı obyektlər orada canlanmalıdır, hansı istiqamətlər ön plana çəkilməlidir və s. Yəni bizdən cəmiyyətin bunu gözləməyə tam haqqı var. O ki qaldı bugünkü bizim müzakirə obyektinə, bəri başdan deyim, təbii ki, mən yazıda qoyulan təsnifatı qəbul edə bilmirəm. Müəllifin özünün də bir alim kimi səviyyəsinə bələdəm, böyük hörmətim var. Mənim üçün aydın olmur ki, belə bir yazı hansı motivə əsaslanır. Təbii ki, biz demokratik cəmiyyətdə yaşayırıq. Hər bir kəs azad fikir söyləyə, yaza bilər. Mənim üçün önəmlidir ki, elə bu yazı ilk olaraq "İqtisadiyyat" qəzetində çap olunub və bu gün iqtisadiyyat qəzetinin redaksiyasında da biz bu yazını müzakirə edirik, "Dəyirmi masa" keçiririk. Məqalənin əsas hissəsi nəzəri problemlərə həsr olunub. Amma təbii ki, hər bir fikir, hər bir ideya olanı yersiz inkara əsaslanmamalıdır. Deyə bilərəm ki, verilən təsnifat heç bir ölkədə qəbul olunmamış təsnifatdır. Mənə belə gəlir ki, hər bir yeni təsnifat mütləq müəyyən bir konsepsiyaya əsaslanmalıdır. Məndə Qazaxıstanın, Rusiyanın, Ukraynanın, Moldovanın, Özbəkistanın, Belarusiyanın Ali Attestasiya Komissiyalarının saytından götürülmüş təsnifat vardır. Bütün bu təsnifatlar, demək olar ki, ölkəmizdə mövcud təsnifatla uzlaşır və bir tərəfdən iqtisad elmində bərqərar olan ənənələri ehtiva edirsə, digər tərəfdən də bazar iqtisadiyyatına keçidin məziyyətlərinə cavab verir. Belə olan təqdirdə mövcud reallığa uyğun təsnifatın tətbiqi, mənim fikrimcə, daha məqsədəuyğundur. Bu baxımdan, "Mühasibat uçotu və stastistika" ixtisasının digər ixtisaslarda "əridilməsi" yox, əksinə, həmin ixtisasa Ukraynada, Qazaxıstanda, Özbəkistanda, Moldova və digər ölkələrdə olduğu kimi "Audit" ixtisasının da əlavə edilməsi daha rassional yanaşma olardı. "Mühasibat uçotu, statistika" ixtisasının iqtisad elminin dünəni, bugünü və sabahı ilə əlaqədar olan bir sahə kimi inkişafını və onun audit təmayülünün gücləndirilməsini möhtərəm Prezidentimiz cənab İlham Əliyevin beynəlxalq mühasibat və audit standartlarının tətbiqi, şəffaflığının artırılması sahəsində qarşıya qoyduğu məsələlərin həllinə elmi dəstəyin gücləndirilməsi kimi qiymətləndirirəm. Mən mühasibat uçotu statistika şifri ilə bağlı bəzi məqamları da qeyd edərdim. Ümumiyyətlə isə müzakirə etdiyimiz problemlə əlaqədar araşdırma apararkən ölkədə mövcud olan iqtisadi reallığa və ölkəmizdə həyata keçirilən iqtisadi islahatlara daha çox fikir verilməsini, perspektivlərin nəzərə alınmasını tövsiyə edərdim. ZİYAD SƏMƏDZADƏ: - Vahid müəllim, çox sağ olun. Məqalədə "Mühasibat uçotu" şifri ilə bağlı səslənən sərt fikirlər birmənalı şəkildə rezonans doğurub. AKİF MUSAYEV : - Bakalavr və magistr hazırlığı üzrə ixtisasların strukturu imkan verməlidir ki, Baloniya sisteminin prinsipləri reallaşsın. Tələbə və mütəxəssis mübadiləsi maneəsiz baş versin. Təklif olunan struktur isə bu prosesə ciddi maneə yarada bilər. SADIQ SALAHOV: - Rusiyada, Ukraynada, digər MDB ölkələrində müdafiə etmiş həmvətənlərimiz öz diplomunu burada rəsmiləşdirə bilməyəcəkdir. AKİF MUSAYEV : - Burada deyilən fikirlərə qüvvət olaraq deyim ki, ölkəmiz beynəlxalq uçot sisteminə keçməyə hazırlaşır. Mühasibat uçotu nəzəriyyəsi işlənmədən bu prosesin elmi təminatı necə olacaqdır. Soruşuram - uçotun və beynəlxalq uçotun elmi problemləri harada araşdırılmalıdır? Mühasibat uçotunu əlahiddə nəzəriyyə |