AZE | РУС
 
FOTO QALEREYA
Bu dağların QOŞQARI 30 il QOŞQARSIZ
Bu dağların QOŞQARI 30 il QOŞQARSIZ

Qoşqar Əhmədov qeyri-xətti inteqral tənlikləri nəzəriyyəsi sahəsində tanınmış alimlərdən biri idi. Nüvəsi parametrdən asılı olan bir sinif qeyri-xətti inteqral tənliyi cırlaşmış nüvələr üsulu ilə araşdırmışdır. İdarəetmə nəzəriyyəsi, diferensial-fərq tənlikləri nəzəriyyəsində mühüm elmi nəticələr onun adı ilə bağlıdır. Qoşqar Əhmədov inteqral tənliklər, meyl edən arqumentli diferensial tənliklər və optimal idarəetmə nəzəriyyəsi sahələrində körkəmli mütəxəssis idi.

Qoşqar Teymur oğlu Əhmədov 1917-ci il oktyabr ayının 25-də Kiçik Qafqazda, ulu Qoşqar dağının qənşərində yerləşən Gədəbəyin Söyüdlü kəndində dünyaya göz açmışdır. Atası respublikanın əməkdar müəllimi Teymur Əhməd oğlu Əhmədli (müəllim olduğu üçün el içində ona Mirzə Teymur deyirdilər) Azərbaycan sovetləşəndən əvvəl öz evində məktəb açmışdı. Sonralar bu məktəb-ev naməlum adamlar tərəfindən yandırılmışdı.

1936-cı ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş, təhsil illərində əla qiymətlərlə oxumuş və adlı Stalin təqaüdü ilə universiteti bitirmişdir.

1941-ci il iyun ayının 22-də Qoşqar Moskvaya, Artilleriya Akademiyasına oxumağa göndərilmişdir.

O, 1942-ci ilin əvvəllərində Akademiyanı əla qiymətlərlə bitirmişdir. Moskvadan Tifilisə - Zaqafqaziya Hərbi Dairəsinə, oradan da Bakı qarnizonuna göndərilən Qoşqar 1945-ci ilin sonuna qədər Bakı qarnizonunun zenit artilleriyası üzrə komandir müavini vəzifəsində baş leytenant, sonra isə kapitan rütbələrində xidmət etmişdir.

Qoşqar 1946-cı ildə ordudan tərxis olunandan sonra həmin il aspiranturaya daxil olur. Görkəmli riyaziyyatçımız, humanist, alicənab insan, büllur qədər saf vətəndaş, akademik Əşrəf İsgəndər oğlu Hüseynovun elmi rəhbərliyi ilə "Bəzi xətti olmayan inteqral tənliklərin tədqiqi" mövzusunda namizədlik dissertasiyası yazır.

1950-ci ildə müdafiə edir və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alır.

O, 1949-1951-ci illərdə ADU-nun fizika-riyaziyyat fakültəsinin baş müəllimi, 1951-ci ildən 1956-cı ilə qədər isə fakültənin dosenti və dekanı olmuşdur.

Qoşqar Əhmədov 1956-cı ildə M.V.Lomonosov adına MDU-nun doktoranturasına daxil olmuş, 1958-ci ildə professor L.A.Lüsternik və V.V. Nemıtskinin rəhbərliyi altında yazdığı dissertasiya işini müvəffəqiyyətlə başa çatdırmışdır. O, yenə öz doğma kollektivinə qayıdaraq yeni təşkil olunmuş "Diferensial və inteqral tənliklər" kafedrasında rəhbərlik etməyə başlamışdır.

1960-cı ildə fizika-riyaziyyat elmləri doktoru adı almaq üçün dissertasiya müdafiə etmiş və 1961-ci ildə professor olmuşdur.

Qoşqar müəllim 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

O, Moskva Riyaziyyat Cəmiyyətinin və SSRİ Ali Təhsil Nazirliyi nəzdində riyaziyyat üzrə metodik şuranın üzvü olur.

Respublikamızda bu sahədə işləyənlərin əksəriyyəti ya onun tələbələri, yaxud da tələbələrinin tələbələridir desək, səhv etmərik.

Qoşqar müəllim öz iş yoldaşlarının, tələbələrinin ailə vəziyyəti ilə də daim maraqlanıb, onlara məsləhət verib, imkan daxilində köməyini əsirgəməyib.

Deyirlər, Qoşqar müəllimin dəfni Üzeyir bəyin və Səməd Vurğunun dəfn mərasiminə çox bənzəyir. Kədərə batmış yüz minlərlə insan öz qəlbinin hökmü ilə Azərbaycanın hər yerindən onun dəfn mərasiminə gəlmişdi.

Şair Hüseyn Arifin Qoşqar müəllim haqqında şerlərindən birində deyilir:

İtki var - bir evi batırır qəmə,

İtki var - bir eli yandırıb yaxır.

Bəli, Qoşqar Əhmədov unudulmayıb və heç vaxt unudulmayacaq.

Azərbaycan tarix boyu böyük zəka sahibləri ilə həmişə tanınan diyar olmuşdur. XX əsrdə bu qədim xalqın övladları içərisində çox görkəmli elm xadimləri yetişmişdir ki, onların sırasında da riyaziyyatçı alimlər xüsusi yer tutur. Cəsarətlə demək olar ki, keçmiş Sovetlər İttifaqında Azərbaycan riyaziyyat məktəbi özünün sanballılığı ilə fərqlənən elm məktəblərindən sayılırdı. Mən taleyimdən çox razıyam ki, bu elm məktəbinin ağsaqqalları olan akademik Zahid Xəlilov, akademik Əşrəf İsgəndərov, Elmlər Akademiyasının müxbir üzvləri Maqsud Hacıyev və Qoşqar müəllimlə gənclik illərindən tanış olmuşam. Bu nəhəng alimlər Buzovnada, bizim evdə dəfələrlə qonaq olmuş, əzizlərimiz sayılmışlar. Ona görə də bu görkəmli şəxslərin hər biri barədə heç vaxt yaddan çıxmayan xoş xatirələrim var. Bu münasibətlərin yaranmasında bacımın həyat yoldaşı riyaziyyatçı alim Hüseyn Çəndirli böyük rol oynamışdır. O, Qoşqar Əhmədlova həsr etdiyi şerdə deyir:

Mənalı həyatın darda yaraqdı,

Elmin, əməllərin elə çıraqdı.

"Köçüb getdi" demək sənə iraqdı,

Qəlblərdə döyünür, ürəyin yatmır.

Dahilər yaşatmış həyat məhvəri,

Vətənin çox verib ləli, gövhəri.

Səni də, xalqımın ən pak cövhəri,

Ucaldır zirvəyə, torpağa qatmır.

Bizim ailəyə xüsusi rəğbətlə yanaşan Qoşqar müəllim saatlarla atam Əliabbas kişiylə Şərq ədəbiyyatı, poeziyası, tarixi barədə söhbətlər edərdi.

Qoşqar müəllim təbiətən çox sadə, humanist, xeyirxah bir insan idi. O qədər mehriban idi ki, biz onun nəhəngliyini bəzən yaddan çıxarırdıq. Tutu çox xoşlayırdı. Mən ağaca çıxıb tut çırpanda hündürlükdən deyərdim, yelkəni bir az bu tərəfə, ya o tərəfə çəkin...

Qoşqar mənim elmlər doktorluğumun müdafəsinə öz övladının müdafiəsi kimi sevinirdi. Bu münasibətlə atam Əliabbas kişiyə və anama gözaydınlığı vermişdir.

Böyük zəka sahiblərindən biri olan Qoşqar müəllim sanki bir dağ idi. Ona hər yerdə böyük el məhəbbəti var idi.

Akademik Ziyad Səmədzadə

MEDİA QALEREYA
VİDEO
  подробнее...
FOTO ALBOM
  подробнее...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Все права защищены. Сайт разработан  веб студией Lider