Ramil ƏLİYEV - 65 Pedaqoq-alimin şərəfli ömür yolu 1940-cı ilin fevralında Füzuli rayonunun Sarıcıq kəndində dünyaya göz açan Əliyev Ramil Bəylər oğlu 1958-ci ildə doğulduğu rayonun Qaradağlı kənd orta məktəbini bitirmişdir. Təhsilini davam etdirmək qərarına gələn R.B.Əliyev həmin il Bakıya gələrək K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsinə daxil olur. 1959-cu ildə institut ləğv edildiyi üçün təhsilini Azərbaycan Dövlət Universitetinin eyni adlı fakültəsində davam etdirir və oranı 1963-cü ildə fərqlənmə diplomu ilə bitirir. Təyinatla Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda işləməyə göndərilir. Orada kiçik elmi işçi kimi işə başlayan R.B.Əliyev həmin il ordu sıralarına çağrılır və hərbidə qulluq etdiyi 1963-1965-ci illər ərzində Ali Hərbi Partiya məktəbində müəllim işləyir. 1965-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda kiçik elmi işçi vəzifəsində işə başlayan R.B.Əliyev 1969-1970-ci illərdə baş elmi işçi, 1970-1972-ci illərdə institutun elmi katibi, 1972-1985-ci ilə qədər şöbə müdiri vəzifələrinə qədər yüksəlmişdir. O, 1970-ci ildə namizədlik, 1978-ci ildə isə doktorluq dissertasiyası müdafiə edib alimlik dərəcələri almaqla, uğurlu bir elm yolu keçmişdir. 1985-ci ilin yanvarından başlayaraq R.B.Əliyev elmi tədqiqatlarla yanaşı, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (1999-cu ildən Dövlət İqtisad Universiteti) dosent kimi pedaqoji fəaliyyətə başlayır və 1987-ci ildən həmin təhsil ocağında "İqtisadi təhlil" kafedrasının müdiri, 1999-cu ildən isə bu kafedranın professoru olur. Professor R.B.Əliyev keçmiş postsovet ölkələri arasında tanınmış iqtisadçı olmaqla iqtisadi təhlil nəzəriyyəsi, kapital qoyuluşu, əsas fondlardan istifadə, ərzaq proqramı, iqtisadçı kadrların hazırlanması, elmi-texniki tərəqqinin səmərəliliyi, rentabelliyin yüksəldilməsi ehtiyatları və s. iqtisadi məsələlər üzrə sayılıb-seçilən alimlərdən biridir. Son illər sahibkarlıq fəaliyyətinin maliyyələdirilməsi, onun inkişaf yollarının müəyyən edilməsi sahəsində apardığı tədqiqatlar mühüm praktiki əhəmiyyətə və yüksək qiymətə layiqdir. Adı qeyd edilən məsələlərlə yanaşı, ayrı-ayrı sahələr üzrə hazırlanmış metodikaların, metodik göstərişlərin, normativlərin, təlimatların, tövsiyələrin və s. ya müəllifi, ya da müəlliflərindən biridir. Onun 1970-ci illərdə birbaşa iştirakı ilə əsas müəlliflərindən biri olduğu iki cildlik, 90 çap vərəqi həcmində respublikada "Kənd təsərrüfatının aparılması sistemi" kitabı dərc edilmişdir. 1970-1990-cı illərdə R.B.Əliyev tərəfindən respublikanın Aqrar Sənaye Kompleksi və onun sahələrini (emal sənayesi, meliorasiya, tikinti, çoxillik əkmələr, heyvandarlıq və s.) əhatə edən beşilliklər üzrə hazırlanmış materiallar Timirzayev adına Kənd Təsərrüfatı Elmlər Akademiyasında bəyənilmiş, hər beşillik üzrə ayrılıqda Moskvada iri həcmli monoqrafiya halında dərc edilmişdir. Bu materiallar SSRİ-nin Dövlət Plan Komitəsi tərəfindən həm ittifaqın, həm də Azərbaycanın perspektiv inkişaf planına daxil edilmişdir. Elə bu işlərə görə də o, Moskva şəhərində təşkil olunmuş Elmi-Texniki Nailiyyətlər sərgisinin üç medalına, birinci və ikinci dərəcəli diplomlarına layiq görülmüşdür. Ümumilikdə Ramil müəllimin 240-dan çox elmi əsəri, o cümlədən monoqrafiyaları, dərslik və dərs vəsaitləri və kitabçaları dərc edilmişdir. Bu əsərlərin 40 faizdən çoxu respublikanın hüdudlarından kənarda nəşr edilmişdir. Həmçinin o, iqtisadiyyat üzrə onlarla iri həcmli monoqrafiya və kitabların redaktoru, yaxud elmi redaktoru olmuşdur. Professor R.B.Əliyevin kadr hazırlığı sahəsində də fəaliyyəti olduqca genişdir və bu yöndə tanınmış simalardan biridir. 1972-ci ildən 1995-ci ilə kimi Timirzayev adına Kənd Təsərrüfatı Akademiyasının iqtisadiyyat bölməsinin, Zaqafqaziya, Orta Asiya və Şimali Qafqaz regional İxtisaslaşdırılmış doktorluq şuralarının, respublikamızda: Azərbaycan Elmlər Akademiyasında, Azərbaycan Dövlət İqtisad İnstitutunda, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda ixtisaslaşdırılmış doktorluq və namizədlik şuralarının üzvü olmuşdur. Respublikada iqtisadiyyat sahəsində fəaliyyət göstərən və Birdəfləlik yaradılan bir çox Dissertasiya Şuralarının üzvüdür. O, həmçinin hazırda Möskvada, Kiyevdə, Tbilisidə və Bakıda nəşr edilən bir çox jurnalların, qəzetlərin, dərgilərin və s. redaksiya heyətinin tərkibindədir. Ramil müəllimin rəhbərlik etdiyi 21-dən çox namizədlik, 4 doktorluq dissertasiyası müdafiə olunmuşdur. Hazırda 10 nəfərdən artıq aspirant və dissertanta elmi rəhbərlik edir, onlarla iqtisad elmləri namizədi və iqtisad elmləri doktoru işi üzrə rəsmi opponent olmuşdur. 1996-cı ildən Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvüdür. Respublikada qanunvericilik bazasının hazırlanmasında da onun xidmətləri böyükdür. Milli Məclisin qəbul etdiyi mühasibat uçotu, audit, torpaq haqqında, aqrar sahəyə dair qanun layihələrinin hazırlanmasında fəal iştirak etmişdir. Bu zəhmətkeş pedaqoq-alim son 30 ildə respublikada və respublikadan kənarda - Polşada, Çexoslavakiyada, Rusiyada, Ukraynada, Baltikyanı respublikalarda, Belarusda, Qazaxıstanda, Özbəkistanda, Gürcüstanda, Moldovada və bu ölkələrin bir çox iri şəhərlərində keçirilən 120-dən artıq elmi konfrans və simpoziumlarının iştirakçısı olmuş, onların 95 faizində çıxış etmişdir. Xeyirxah, sadə və nəcib bir insan olan Ramil Əliyevin keçdiyi zəngin həyat yolunun 65 ili, bax beləcə, arxada qaldı. O, ömrünün bu ötən illərini namuslu bir vətəndaş, səmimi dost, gözəl ailə başçısı, təcrübəli pedaqoq kimi yaşayaraq onu tanıyanlar arasında böyük hörmət və sevgi qazanıb. Onu tanıyanlar yanında hörmətli professorun adı çəkiləndə onların nəzərində müdrik və gözəl bir insanın siması canlanır. Ramil müəllim harada olmasından asılı olmayaraq işlədiyi dövrdə haqq-ədalət ölçüsü və dözümlülüyü ilə seçilir. Onu tanıyanlar professorun ali məqsəd uğrunda axıra qədər mübarizə aparmaq qabiliyyətini, tərəf müqabillə məntiq və ağlın gücünə güvənərək mübahisə etmək bacarığını, uğurundan öyünməmək keyfiyyətini, hazırcavab olmasını yüksək qiymətləndirirlər. Yaxın dostları isə Ramil müəllimin səmimiyyətini, başqalarının əzabına sevinməməyi, kədərinə və sevincinə şərik olmağı, özündən kiçiklərə güzəşt etməyi, böyüklərə ehtiram göstərməyi, xeyir-şər məclislərindən geri qalmamağı, cəsarətliliyini və sözü bütövlüyünü, hələ sadalamadığımız bir çox müsbət xüsusiyyətlərə malik bir insan olmasını xüsusi qeyd edirlər. Onun keşməkeşli həyat yolunun bələdçiləri bu alim və pedaqoqun necə insan olduğuna dair faktlar, misallar söyləyəndə adam qibtə hissini gizlədə bilmir. Bütün bu qeyd edilənlər tanınmış alim, istedadlı müəllim, səmimi və hörmətli dost olan Ramil Əliyevin geridə qalan 65 illik ömür yolunda qazandıqlarının qısa xülasəsidir. Hörmətli professorumuzu 65 illik yubileyi münasibətilə təbrik edirik. Ona cansağlığı, uzun ömür və yeni-yeni uğurlar arzulayırıq. Əminik ki, Ramil müəllim Azərbaycanda iqtisad elminin inkişafı üçün çox işlər görəcək! Tanrı ömrünüzü nurlu və parlaq, yolunuzu uğurlu eləsin, Ramil müəllim! Akademik Ziyad SƏMƏDZADƏ |