AZE | РУС
 
FOTO QALEREYA
SÖZÜN SEHRİ
SÖZÜN SEHRİ

Qulu Məhərrəmli elə adamlardandır ki, adı çəkiləndə, heç kəs:

- O kimdir? - soruşmur.

Çünki Qulu Məhərrəmlini hamı tanıyır. Onun adı Azərbaycan jurnalistikası tarixinə həkk olunmuşdur. Şərti olaraq tarixi "Əkinçi" qəzetinin çıxması ilə hesablanan Azərbaycan mətbuatının gələn il 130 yaşı qeyd ediləcəkdir. Televiziya jurnalisti sənəti isə daha cavandır. O, indiki yaşlı nəslin gözləri önündə araya-ərsəyə gəlmişdir. Artıq televizor hər evin yuxarı başında yer almış, hər kəsin məişətinin ayrılmaz hissəsinə çevrilmişdir. İndi elə bir adam tapılmaz ki, televiziyaya biganə qalsın. Televiziyaya münasibətlərin, qloballaşan dünyamızın aynasıdır deyənlər yanılmırlar. Televiziya məsafələri qısaldır, dövrləri, insanları yaxınlaşdırıb-qovuşdurur. Azərbaycanda televiziyanı nüfuza mindirən ziyalılardan biri də qələm dostumuz Qulu Məhərrəmlidir.

Dediyimiz kimi, Qulu Məhərrəmlinin adı da, əməli də hamıya bəllidir. Qulu Məhərrəmli Azərbaycan televiziyası verilişlərinin keyfiyyətini dünya standartları səviyyəsinə çatdıranlardan biridir.

O, 1954-cü ilin noyabrında Zəngilan rayonunda dünyaya göz açmış, üç nömrəli Şuşa internat məktəbini bitirdikdən sonra 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur. Qulu hələ tələbəlik illərində "Azərbaycan gəncləri", "Molodyoj Azerbaydjana", "Bakı", "Sovet kəndi"qəzetlərində çıxış etmişdir. Azərbaycan radiosunda tələbə Qulunun reportajları və oçerkləri səsləndirilib. Universitet diplomunu alandan, yəni 1978-ci ildən bu günədək Azərbaycan Dövlət Televiziyasında çalışır. Filologiya elmləri namizədidir.

Qulu Məhərrəmli yaradıcılıq nəzərindən televiziyanın bütün mərtəbələrini gəzmiş, kiçik redaktor, redaktor, böyük redaktor, şöbə müdiri vəzifələrində yazıb-yaratmışdır. 1995-ci ildən isə baş redaktordur.

Adətən, jurnalist sənəti ilə yazıçılığı "əkiz qardaşlar" adlandırırlar. Hər ikisi söz ustasıdır, hər ikisinin çörək ağacı qələmdir. Ancaq jurnalist sənəti yazıçılıqla müqayisədə daha çətin və daha çox məsuliyyət və diqqət tələb edən sənətdir. Jurnalist həmişə tələsməlidir, tələsmək onun peşə xəstəliyinə çevrilmişdir, buna baxmayaraq, heç vaxt tələsik iş görməməlidir. Yazıçının bugünkü işini sabaha qoymaq ixtiyarı var, jurnalist isə lazım gəldikdə, sabahkı işini də bu gün görməlidir. Yazıçı təkcə oxucunun qarşısında hesabatdadırsa, jurnalist quruca faktın da qarşısında hesabatdadır. Buna baxmayaraq, jurnalist hər gün yazmalı və ancaq yaxşı yazmalıdır.

Bu əziz günündə biz Qulu Məhərrəmliyə jurnalistliyi öyrətmək fikrində deyilik. Çünki o, neçə illərdir ki, Bakı Dövlət Universitetində jurnalist sənətkarlığından dərs deyir, "Televiziya və radio jurnalistikası" kafedrasının dosentidir, "Televiziya jurnalistikasının əsasları", "Ekran-efirdə ünsiyyət mədəniyyəti", "Teleradio jurnalistikasının müasir problemləri", "Canlı ekranda müsahibə aparmaq məharəti" kurslarını aparır.

Qulu Məhərrəmli etiraf edir ki, o, gələcəyin jurnalistlərinə öz gördüklərini, öyrəndiklərini, televiziyada gördüyü faydalı işləri danışır. O, "Xəbərlər" redaksiyasında müxbirlikdən məşhur "Səhər" musiqili-informasiya proqramının rəhbəri, baş redaktoru vəzifəsinədək yüksəlib, ilk siyasi icmalçı olub. Dinləyicilərlə birbaşa ünsiyyət yaradıb. Çatdırdığı xəbərlər inandırıcı olub və siyasi kəsəri ilə fərqlənib. Qulu Məhərrəmli ədəbi dilimizi bütün çaları və şirinliyi ilə bilən söz ustsı kimi tələbələrinə də ana dilimizə məhəbbət aşılayır.

Dediyimiz kimi, Qulu Məhərrəmlini respublikamızda tanımayan yoxdur. Siyasi icmalçı kimi o, Azərbaycan televiziyasında siyasi publisistikanın zənginləşib formalaşmasında müstəsna xidmət sahibidir. "Qitələr, hadisələr", "Azərbaycan dünya meridianlarında", "Yer kürəsi: müharibə, yoxsa sülh!" verilişləri və başqa publisistik verilişlər Qulu Məhərrəmlinin adı ilə bağlıdır.

AzTV-1-in "7 gün" analitik informasiya proqramı Qulu Məhərrəmlini bilikli və müasir dünya görüşlü mahir şərhçi kimi də tanıtmışdır. Azərbaycan ictimai fikrinin böhranlı vaxtında efirə çıxan bu proqram xalqı yeni demokratik prinsiplərə, dövlətçiliyin möhkəmlənməsinə səfərbər etməklə yanaşı, yeni publisistik üslubun formalaşmasına da ciddi təsir etmişdir. Əslində "7 gün" Qulu Məhərrəmlinin yaratdığı yeni formalı, daha mükəmməl televiziya verilişi modeli kimi şöhrətlənib. Qulu Məhərrəmli ilk nəzərdə adi görünən faktları bütün mahiyyəti ilə tamaşaçılara aydın, dolğun, anlaşıqlı çatdırmağı bacaran publisistlərdəndir.

Xüsusilə qeyd etmək lazımdır ki, Qulu Məhərrəmli ölkəmizin dövlət başçısı Heydər Əliyevi, siyasi icmalçı kimi, uzun müddət xarici səfərlərdə müşayiət etmiş, böyük siyasi əhəmiyyətli silsilə verilişlər hazırlamışdır. Həmin taleyüklü səfərlərdən hazırlanmış məzmunlu, baxımlı kamil verilişlər telejurnalist Qulu Məhərrəmlinin unudulmaz uğurlarıdır.

Qulu Məhərrəmlinin yaratdığı və rəhbərlik etdiyi "Səhər" musiqili informasiya proqramı 10 yaşının içindədir. "Səhər" qədər sevilmək səadəti hər televiziya proqramına nəsib olmur. Bu proqram öz müasirliyi, elmiliyi, mövzu əlvanlığı və rəngarəngliyi ilə milyonların maraqla izlədiyi verilişə çevrilmişdir. Dostumuz Qulu Məhərrəmliyə və onun yaratdığı istedadlı kollektivə yeni-yeni uğurlar diləyirik.

Qulu Məhərrəmli istedadlı alimdir. Kütləvi informasiya ilə bağlı çoxsaylı əsərlərin və on beş kitabın müəllifidir. Müəllifin "Televiziya nitqi və bədii tələffüz", "Audiovizual nitq", "Ekran və ədəbi dil", "Kütləvi kommunikasiya və dil", "İctimai televiziya" dərslikləri və "Kino, televiziya və radio terminləri" stolüstü kitablara çevrilmişdir.

Qulu Məhərrəmli son dərəcə sadə və təvazökar insandır. O, millətimizə xas olan ən yaxşı insani keyfiyyətləri özündə toplamış, hamının hörmət etdiyi əsl ziyalıdır.

Əlli yaş kamillik dövrüdür. Dostumuz Qulu Məhərrəmliyə daha bir əlli il ömür və sevdiyi, olduqca gərəkli informasiya sahəsində uğurlar arzulayırıq.

Akademik Ziyad SƏMƏDZADƏ,

professor Əfqan ƏSGƏROV,

əməkdar incəsənət xadimi

MEDİA QALEREYA
VİDEO
  подробнее...
FOTO ALBOM
  подробнее...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Все права защищены. Сайт разработан  веб студией Lider