AZE | РУС
 
FOTO QALEREYA
XOŞBƏXT ZİRVƏLƏRİ
XOŞBƏXT ZİRVƏLƏRİ

Xoşbəxt Yusifzadə - 75

HEYDƏR ƏLİYEVİN XOŞBƏXT YUSİFZADƏYƏ TƏBRİK MƏKTUBUNDAN

Hörmətli Xoşbəxt Yusifzadə!

Siz ölkəmizdə zəngin neft yataqlarının kəşf edilməsi və işlənməsinə böyük əmək sərf etmiş görkəmli mütəxəssis kimi tanınırsınız. Xəzər dənizində genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla yerinə yetirilməsində sizin xidmətləriniz xüsusilə böyükdür. "Bahar", "Günəşli", "Azəri", "Çıraq", "Kəpəz" və başqa neft-qaz-kondensat yataqlarının kəşfi bilavasitə rəhbərliyiniz və iştirakınızla həyata keçirilmişdir.

Respublikanın neft və qaz sənayesinin aktual problemlərinin həllinə yönəldilmiş elmi yaradıcılığınız Azərbaycan dəniz neft və qaz-kondensat yataqlarının işlənmə layihələrinin hazırlanıb həyata keçirilməsi, Xəzər dənizinin dərin sahələrində yerləşən neft-qaz yataqlarının mənimsənilməsi üçün elmi metodların tətbiq edilməsi mühüm rol oynamışdır. Neft laylarının açılmasının təkmilləşdirilməsi, neft, qaz və qaz-kondensat yataqlarının işlənməsi üsulları üzrə ixtiralarınız böyük səmərə gətirmiş, fəaliyyətinizdə elmlə istehsalatın sıx bağlılığını əyani nümayiş etdirmişdir. Karbohidrogen ehtiyatlarının hesablanması ilə bağlı proqnozlarınız həmişə təsdiq olunaraq öz dəqiqliyi və mötəbərliyi ilə neft alimləri və mütəxəssisləri arasında nüfuzunuzu daha da artırmışdır.

Görkəmli neftçi-alim və peşəkar mütəxəssis kimi topladığınız böyük təcrübə Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində göstərdiyiniz səylər nəticəsində daha da zənginləşmişdir. Müstəqil Azərbaycan Respublikasının yeni neft strategiyasının uğurla həyata keçirilməsində, dünyanın tanınmış neft şirkətləri ilə bağlanmış müqavilələrin gerçəkləşdirilməsində siz böyük əzmkarlıq göstərirsiniz.

Sizə cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar arzulayıram.

Ziyalı insan sərrafı olur. Hər insan ziyalı üçün bir dünyadır. Ancaq elə insanlar vardır ki, məsələn, Xoşbəxt Yusifzadə kimi, öz şəxsi ləyaqəti ilə məxsus olduğu millətin bütün yaxşı cəhətlərini nümayiş etdirir. Xoşbəxt Yusifzadəni çoxdan, lap çoxdan tanıyırıq. Son dərəcə ciddi və son dərəcə nikbin adamdır. Onun işgüzarlığına ancaq və ancaq qibtə etmək olar. Xoşbəxt Yusifzadə fenomeni haqqında "İqtisadiyyat" qəzeti yeri gəldikcə materiallar vermiş, Azərbaycan neftinin inkişafı və təbliği sahəsində istər ölkə içində, istərsə xaricdə onun çoxşaxəli fəaliyyətini, geoloq alim kimi heyrətamiz işlərini, dəniz neftçisi kimi fırtına quşu eşqini bədii-publisist dildə vurğunluqla təsvir etmişik. Bu gün isə Xoşbəxt Yusifzadənin 75 yaşı tamam olur.

Xoşbəxt Yusifzadə Azərbaycan neftçiliyinin canlı ensiklopediyasıdır. O, şanlı neft tariximizi yaradanlardan biridir. Həmişə də ön cəbhədə olub. Bütün neft romantikası bu söz-söhbətli insanın ürəyində qərar tapmışdır.

İnsan məəttəl qalır ki, bu qədər enerji, bu qədər həyat eşqi bu insanda haradandır? Uşaqlığı elə də fərəhli keçməyib: həqiqət belədir: 1937 çoxları üçün kitablara yazılmış bir dəhşətdirsə, Xoşbəxt səkkiz-doqquz yaşından otuz yeddi girdabına düşmüş insanlardandır.

Biz otuz yeddini uzaqbaşı ekranlarda görüb, dəhşətə gəldiyimiz Hind okeanı sunamisi ilə müqayisə edə bilərik: hər şeyi, hətta bütöv bir şəhəri də insanları qarışıq silib-süpürüb atan, abadlığı xarabazara, canlını cansıza çevirən, güc çatmaz, imdad yetməz sunami ilə.

Xoşbəxt isə başqa insandır. Otuz yeddinci ilin sunamisi onun bütün damarlarında tüğyan etmişdir. Səkkiz yaşında atasını və bir çox yaxın qohumlarını "xalq düşməni" kimi tutub gedər-gəlməzə göndərmişlər. Anası gəlin çağından "xalq düşməninin arvadı" damğasını almışdır.

İndi dünya qloballaşıb, sunami dağıtmış yerlərə BMT səviyyəsində kömək edilir, uçulmuşlar abadlaşır, yetimlərə əl tutulur, kimsəsizlərə qayğı göstərilir. Otuz yeddi Nuhun tufanından da dəhşətli olub. Stress keçirmiş adamları bəzən heç həkimlər də tam sağalda bilmir. Xoşbəxt Yusifzadə bir kimsəsiz, köməksiz ana himayəsində olmazın məhrumiyyətlərindən keçə-keçə, demək olar ki, taleyin hökmünə qalib gəlmişdir. Əməksevərlik onun ən etibarlı əltutanı olmuşdur. Belələri haqqında deyilib ki, Tanrının qanadları altına sığınıb.

Xoşbəxt Yusifzadə ixtisasca neftçidir, yüksək alim dərəcəsi var, elmlər doktorudur. Ancaq tanıyanlar onu "müasir Molla Nəsrəddin" də adlandırırlar. Xoşbəxt müəllim tufanlara, fitri nikbinliyi ilə ən ağır bəlalara qalib gəlmişdir. O, bədbinlik girdabından nikbin çıxmışdır. Belə ki, Molla Nəsrəddinin bütün lətifələrini əzbərdən bilir. Əzbərləmək azdır, Xoşbəxt Yusifzadə hər məclisdə xalq hikmətinin təmsilçisi müdrik Molla Nəsrəddinə çevrilir. Yerində elə duzlu-məzəli lətifələr danışır ki, akademik mühazirələrindən də çox təsir oyadır. Elə bu səbəbdən Xoşbəxt Yusifzadə bütün məclislərin gözü sayılır. Bu, ilk növbədə sarsılmaz iradə, dərin millilik, yüksək ziyalılıq əlamətidir.

Biz Xoşbəxt Yusifzadəni adi neftçilər məclisində də görmüşük, Heydər Əliyev səviyyəli məclislərdə də. Nə demək istədiyimiz sizə məlumdur, çünki Heydər Əliyev olan məclislərdə məhz o səviyyəyə uyğun söz demək hər adamın fərasəti deyildi. Heydər Əliyev bir kamil insan kimi yumoru, hikməti sevən şəxsiyyət idi. Onun qarşısında çoxları özünü qurudub, farağat donub-dayanırdı. Xoşbəxt Yusifzadə isə müdrik insanlarla müdrik dildə danışmağı bacarırdı.

Xoşbəxt Yusifzadə bütöv insandır, dili, ürəyi və zahiri bir cür insandır. İnsan var ki, yaşamaq üçün hər şəklə düşür, sınır, əyilir. Xoşbəxt Yusifzadə öz təmizliyi və saf əqidəsi ilə hər cür çətinliyə qalib gəlmiş insandır. İstər Heydər Əliyev, istərsə də ata yolunun layiqli davamçısı İlham Əliyev Xoşbəxt Yusifzadəni həm mütəxəssis, həm də insan kimi yüksək qiymətləndirmişlər. Xoşbəxt Yusifzadə ailədə də, işdə də hamıya nümunə olmuş və nümunə olmaqdadır. O, bir əxlaq məktəbidir.

Bu gün məmur mədəniyyətindən çox söz gedir. Dahi Sabir: "sözdən nə çıxar, işdə həqiqət gərək olsun", - deyib. Çünki aşkarda gurultulu, bər-bəzəkli sözlər deyib, xəlvətdə (bəziləri lap aşkarda da) həqiqəti əyən, rüşvətə, korrupsiyaya qurşanan məmurlar az deyil. Dövlət belələrinə qarşı ciddi mübarizə elan edib. Müstəqillik cəmiyyəti əsl vətənsevərlər, pak insanlar cəmiyyəti olmalıdır. Məmur dövlət siyasətinin qoruyucusu və aparıcısı olmalıdır. Açıq deyək ki, əsl məmur mədəniyyəti neft sahəmizin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadədən öyrənməlidir. Bu insan ağsaqqal-ağbirçək tərbiyəsi görmüş əsl ağsaqqaldır. Fəhlə ilə fəhlədir, məmurla məmur, diplomatla diplomatdır.

Biz inanırıq ki, Xoşbəxt Yusifzadə üçün öz doğma xalqını və vətənini sevmək İlahi müqəddəslikdən biridir. Vətənini, xalqını sevməyən heç ailədə də hörmət-izzət sahibi olmur. Müstəqil Azərbaycan hamı üçün bütöv bir respublikadır. Müstəqillik bayrağını ancaq böyük ürəklə, böyük sədaqət və məhəbbətlə ucadan-uca saxlamaq olar, Xoşbəxt Yusifzadənin ürəyi kimi böyük və geniş ürəklə. Son dərəcə sadə, təvazökar, həm özünə, həm başqalarına tələbkar insan olan Xoşbəxt Yusifzadə üçün ən şərəfli şöhrət doğma torpağa bağlılıqdır. Doğma Pirşağı onun üçün əsl behişt bağıdır. Dövri-qədimdən belə bir misal var: "Süleymana qalmayan dünya kimə qalacaq?.." Əlbəttə, heç kimə! İsgəndər məşriqi, Teymurləng məğribi tutmaq istədi, yenə də qismətləri bir ovuc torpaq oldu. Məşriq də öz yerindədir, məğrib də. İnsanı yaşadan, insanı ucaldan onun əməlləridir. Xoşbəxt Yusifzadə sübut edib və sübut edir ki, hər yaxşı əməl ucalığa, yaşarılığa doğru bir addımdır. Allah kəlamı olan Qurani-Kərim insanları yaxşılığa, ancaq yaxşılığa çağırır. Çünki yaxşılıq, xeyirxahlıq behiştə aparan yoldur.

Dində bir gözəl rəvayət var ki, İbrahim peyğəmbəri hələ də cənnətin astanasında saxlayırlar. Çünki o, peyğəmbər olmaqdan əlavə, həm də padşah olub. Padşahlıq dövründə gördüyü yaxşı, yaman işlər axirət günündə haqq-hesab edilməli, sorğu-suala tutulmalıdır. İlk sual da budur ki, hansı yaxşı işləri görmüsən, özündən sonra gerçək dünyada hansı yaxşılıqları yadigar qoyub gəlmisən? Məlumdur ki, İbrahim peyğəmbər özündən sonra Məkkə kimi möhtəşəm bir Allah evini yadigar qoyub. Allah-Təala yolunda sevimli oğlu İsmayılı qurban deyib və əvəzində böyük yaradan İbrahim peyğəmbəri bu haqqa sədaqəti üçün mükafatlandırıb. Haqq yolunu tutmuş bütün sonrakı nəsillər də həmin ilahi mükafatdan bugünədək bəhrələnməkdədir.

Xoşbəxt Yusifzadə də əsl Allah adamıdır. O, xeyirxahlıq, gözəl əməllər üçün dünyaya göz açmışdır. Heç vaxt heç kəsin kölgəsinə sığınmamışdır, özü kölgəli ağaca çevrilmişdir. Xoşbəxt Yusifzadə adı bir növ müqəddəsləşmişdir.

Müdrik yaşında Xoşbəxt Yusifzadə bizi "Ömrün illəri və izləri" kitabı ilə sevindirdi. Bu kitabı kim oxuyursa, Xoşbəxt Yusifzadə ilə bir daha tanış olur. Bu kitab əvvəla, Xoşbəxt Yusifzadənin daha bir yadigarıdır, böyük ürəyin böyük ömür haqqında pıçıltılarıdır. Fotoqraf sənətində bir "fotogeniçnı" sözü var. Baxırsan, həyatda heç də yaraşıqlı olmayan adam şəkildə huri-mələyə oxşayır, adam da var ki, həyatda yar-yaraşıqlıdır, fotoda elə də alınmır, "retuşyor" yüz qatıqlaya, yenə alınmır. Adam da var ki, həyatda göründüyü kimi şəkilə də düşür. Xoşbəxt Yusifzadənin bu kitabını oxuyanda onu həyatda da, fotoda da, yazıda da eyni məhəbbətdə görürsən. Həyatda olduğu kimi, kitabda da həmişə gördüyümüz Xoşbəxt Yusifzadədir.

Onu deyək ki, "Ömrümün illəri və izləri" kitabı vasitəsilə Xoşbəxt Yusifzadənin bir keyfiyyətini - nasirlik istedadını da kəşf etmişik. Allah-Təala bu insandan heç nə əsirgəməyib, hər şeyi ürəyincə verib. Bu kitab Xoşbəxt Yusifzadənin şəxsində bir vətəndaş insan ömrünün tarixçəsidir; ilk əmək fəaliyyəti "Yeddi gəmi adası" olan bir neftçi - geoloq alimin tarixçəsidir; nəhayət, əsl insan haqqında bər-bəzəksiz, möhtəşəm bir abidə-avtoportretdir.

Kitab oxucunu düşündürür, Xoşbəxt müəllimi tanıyanları daha çox düşündürür. Bir var tapasan, bir də var - kəşf edəsən. Biz Xoşbəxt Yusifzadə dünyasını, bu zəngin mənəviyyatlı insan ömrünü yenidən kəşf etdik. Bu gün müstəqil Azərbaycan Respublikasının dünya şöhrəti sayılan "Əsrin müqaviləsi" kitabda əlahiddə fəsildir. Xoşbəxt Yusifzadə üçün yeni neft strategiyası 1969-cu ildən başlamış, iki minilliyin qovşağında reallaşmışdır. "Əsrin müqaviləsi" respublikamızda hər bir vətəndaşın taleyinə çevrilmişdir.

Xoşbəxt Yusifzadə xoşbəxtdir ki, Heydər Əliyevin böyük adı ilə bağlı olan yeni neft strategiyasının uğurlu yola çıxmasında onun da payı olmuşdur. Xoşbəxt Yusifzadənin ömründə pozulmaz izlər salmış illər ölkənin ən yüksək mükafatı - "İstiqlal" ordeni ilə qiymətləndirilmişdir.

Xoşbəxt Yusifzadənin bu 75 illiyində ümummilli lider Heydər Əliyevin təbrik məktubundakı bu sözlər xüsusi təravətlə səslənir:

"Sizə cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar arzulayıram".

Böyük ömrə verilmiş böyük və unudulmaz qiymətdir.

Bəli, Xoşbəxt Yusifzadə xoşbəxt taleli insandır. Xoşbəxtlik banklara, xəzinələrə yerləşmir. Xoşbəxtlik - insanlığın təsdiqidir. Xoşbəxtlik - həyatda mövqeyi olmaq, pozulmaz iz salmaqdır, xoşbəxtlik - səhər işə, axşamlar isə ailəyə tələsmək deməkdir. Nəhayət, xoşbəxtlik həm evdə, həm də bayırda sayılmaqdır, sevilməkdir.

Xoşbəxt Yusifzadə belə xoşbəxt insanlardandır.

Xoşbəxt Yusifzadə adı neftçiliyin bir növ sinoniminə çevrilmişdir. İstər dəniz olsun, istərsə quru, Xoşbəxt Yusifzadə zirvəsi hər yerdən görünməkdədir.

X.B.YUSİFZADƏNİN "İSTİQLAL" ORDENİ İLƏ

TƏLTİF EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN

RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan neft və qaz sənayesinin inkişafında böyük xidmətlərinə görə Xoşbəxt Bağı oğlu Yusifzadə "İstiqlal" ordeni ilə təltif edilsin.

Heydər Əliyev,

Azərbaycan Respublikasının prezidenti

Bakı, 13 yanvar 2000-ci il

Bu günlər Azərbaycanın böyük neftçi-geoloqunun 75 yaşı tamam olur. Adi insan üçün yetmiş beş il böyük dövrdür. Xoşbəxt Yusifzadə kimi alimin arzuları ilə müqayisədə yetmiş beş yaş kamillik dövrünün qızğın çağıdır.

Sizə daha uzun ömür diləyirik, Xoşbəxt müəllim. Ulu peyğəmbərimiz "İnsanların ən yaxşısı alimlərdir", - demişdir. Qoy sizin yaşayacağınız hər il yeni xeyir-bərəkət zirvəsinə çevrilsin, alim dostumuz!

75 - yetmiş beş arzudur, yetmiş beş əməldir.

İrəlidə hələ səksən arzu var, doxsan arzu var, yüz arzu var! Xeyirxah arzu-əməllər yolunuz həmişə nurlu olsun, dostumuz Xoşbəxt Yusifzadə!

Bir daha Sizi təbrik edirik!

Akademik Ziyad SƏmƏdzadƏ,

geologiya-mineralogiya elmləri namizədi Rasim Dadaşov,

yazıçı, əməkdar incəsənət xadimi Əfqan

MEDİA QALEREYA
VİDEO
  подробнее...
FOTO ALBOM
  подробнее...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Все права защищены. Сайт разработан  веб студией Lider