AZE | РУС
 
FOTO QALEREYA
ÖMRÜN MÜDRİKLİK ZİRVƏSİ
ÖMRÜN MÜDRİKLİK ZİRVƏSİ

DAVUD BABAYEV - 70

Abşeron kəndlərinə çox vaxt "Bakı kəndləri" də deyirlər. İlahi bir sirr var bu kəndlərdə. Kiçik yarımadada yerləşsələr də, bir kənd o biri kəndə bənzəmir. Dialektlər də bir-birindən fərqlənir. Hətta torpaqlar da fərqlidir. Bir oxşar cəhət var ki, hər kənd öz qədimliyi ilə öyünür. Abşeron alınmaz qalalar məskənidir, qədim tikililər məskənidir, müqəddəs daşlar məskənidir, pozulmaz adət-ənənələr məskənidir. Bütün bunlardan başqa, hər kəndin bir iftixar yeri də onun qoynundan çıxmış övladlarıdır. Çox vaxt kəndi tanıtmaq üçün: "bu kənddən flankəslər çıxıb", deyirlər. Novxanıda da şairlər, siyasi və dövlət, eləcə də məşhur elm və mədəniyyət xadimləri çıxmışlar. Ümumiyyətlə, kənd sözündə doğmalıq vardır. Bu, ana doğmalığı kimi müqəddəs tutulur. Müdrik insan Davud Nəsrullayevin də doğum şəhadətnaməsinə, sonra isə pasportuna "Novxanı kəndi" yazılmışdır.

Bəli, düz yetmiş il bundan qabaq Novxanı kəndində bir uşaq dünya gəlmiş, onun adını "Davud" qoymuşlar ki, o da böyüyəndə Davud peyğəmbər kimi ağıllı, istedadlı və şöhrətli olsun. Olsun ki, heç kəs onun mühəndis-geoloq olacağını deyə bilməzdi. Çox qəribə idi ki, neft mədənlərindən xeyli kənarda yerləşən Novxanıda doğulub-böyüyən uşaqların çoxu neftçiliyə can atırdı.

Davudun böyük qardaşı Nəsrullah kənd uşaqları ilə söhbət vaxtı az qalırdı sübut etsin ki, Novxanı kəndinin də altı neft dənizidir. Şəhər yolunun üstündəki Binəqədi kimi. Nəsrullah birinci olaraq orta məktəbi bitirdikdən sonra neft-sənaye İnstitutunun geologiya fakültəsinə daxil oldu.

Böyük qardaşın yolu kiçik qardaş Davud üçün də nümunəyə çevrildi.

Davud məktəbə hazırlaşanda Böyük Vətən müharibəsi başlamışdı. 1941-ci ildə Nəsrulla Babayev institutu əla qiymətlərlə bitirib fərqlənmə diplomu alır. Elə həmin il təyinatla "Azneft" Birliyinin qazma kontoruna mühəndis göndərilir.

Yeri gəlmişkən qeyd edim ki, xeyli vaxtdır dövlət arxivində Böyük Vətən müharibəsi illəri sənədlərini araşdırıram. Üst-üstə 1941-1945-ci illəri ən böyük qəhrəmanlıq dövrü adlandırmaq olar. Bu müharibədə üç yüz mindən çox azərbaycanlı həlak olmuşdur. Azərbaycanın gənc igidləri də, qız-gəlinləri də, hətta məktəbli uşaqlar da igidlik qanunları ilə çalışmışlar, əsl qeyrət imtahanından keçmişlər. Bakı cəbhə motorunu neftlə təmin etmişdir. Azərbaycan oğulları könüllü cəbhəyə getmişlər. Azərbaycan elmi, Azərbaycan mədəniyyəti, Azərbaycanın kənd təsərrüfatı "hər şey cəbhə üçün!" şüarı ilə yaşamışlar. Bütün bu araşdırmalar əsasında Böyük Qələbənin 60 illiyi şərəfinə baş redaktoru olduğum "İqtisadiyyat" qəzetinin və İqtisadçılar İttifaqının Xüsusi buraxılışını hazırladıq. Nəfis şəkildə nəşr edilmiş həmin jurnal yaxşı mənada geniş əks-səda doğurmuşdur.

Davud Babayev məndən yaşca beş il böyük olduğundan müharibənin ab-havasını uşaq təəssüratı ilə olsa da yaxşı xatırlayır.

Deyir: "Biz ibtidai sinifdə ilk olaraq müharibənin, məhrumiyyətin əlifbasını öyrəndik, birdən-birə əsgərləşdik".

Bəli, Böyük Vətən müharibəsi illərində bütün Azərbaycan əsgər paltarı geyinib, "arxa cəbhə" ifadəsi qəhrəmanlıq salnaməsinə düşüb.

Nəsrulla Babayev də könüllü cəbhəyə gedir. Ancaq 1944-cü ildə Vətənə neft lazım olduğundan ordudan tərxis edilir. Çünki Bakının mədənlərində neftçi mühəndislərə böyük ehtiyac var idi. Abşeronun neft mədənləri, demək olar ki, ön cəbhə sayılırdı. Nəsrulla Babayev özü deyib ki, "mənim neftçi həyatım əsl mənada 1944-cü ilin noyabrından başladı. Artıq Bakı neftçiləri "Qara qızıl" sorağı ilə Xəzərin dərinliklərinə də hücuma başlamışdılar. Nəsrulla da həyatını dəli Xəzərin neft və qaz yataqlarının işlənməsi və inkişafı ilə bağlamışdır. Onu da əlavə edim ki, onun ömür-gün yoldaşı Sona xanım da Azərbaycanın ilk qadın neftçi-mühəndislərindən olmuşdur.

Davud Babayev: "Mən əsl həyat məktəbinin ən ibrətamiz dərslərini böyük qardaşım Nəsrulladan almışam. O, dənizə ilk hücum edənlərdən olmuşdur.

Müharibə Bakı neftinin sayəsində Qələbə ilə bitir.

1949-cu ildə Mixail Kaveroçkinin briqadası - Qurban Abbasov, Yusif Kərimov, o cümlədən qardaşım Nəsrulla Babayev və başqaları "Qara daşlar"da ilk kəşfiyyat quyusunu qazırlar. Quyu güclü fontanla işə düşür. Beləliklə, əfsanəvi Neft Daşlarının tarixi başlayır".

Bu ürək açan sözlərə onu əlavə etməyi vacib bilirəm ki, Nəsrulla Babayev sonralar Kürgan-dəniz, Qum adası-dəniz, Səngəçal-Duvannı-Xərə-Zirə-dəniz və başqa iri neft yataqlarının öyrənilməsində, sənaye miqyasında işə düşməsində yaxından iştirak etmişdir. O, dənizdə kəşfiyyat qazması trestinin baş mühəndisi vəzifəsində işləmişdir. Sonradan, dəniz qazma tresti istehsalat-texniki şöbəsinin rəisi, qazma kontorunun direktoru, Azərbaycan Birliyi Dənizdə qazma trestinin baş mühəndisi, Azərbaycan Dəniz-Neftkəşfiyyatı Trestinin qazma işləri üzrə müdir müavini və baş mühəndisi, Azneft Birliyi rəisinin müavini, 1965-1972-ci illərdə isə Dəniz Neft Birliyinin rəisi olmuşdur. 1972-ci ildən ömrünün sonunadək Dövlət Elmi-Tədqiqat və Dəniz-Neft Mühəndislərini Layihələşdirmə İnstitutunun direktoru vəzifəsində işləmişdir. Bu, həqiqətən böyük, zəngin, igidliklərlə dolu, mənalı həyat məktəbidir ki, ondan öyrənib bəhrələnmək Davud Babayevə də qismət olmuşdur.

Dediyim kimi, Davud Babayev addımbaaddım qardaşı Nəsrullanın yolu ilə getmiş, ancaq əmək meydanında öz izini qoymuşdur. Onu xatırladım ki, Davud Babayev hazırda "Xəzərdənizneftgeofizkəşfiyyat" trestinin rəisidir. "Azərdənizneftgeofizkəşfiyyat" tresti 1941-ci ildə Xəzər dənizinin neft-qaz yataqlarının geoloji quruluşunu öyrənmək məqsədilə Dövlət İttifaq geofiziki trestin Qafqaz bölməsi adı ilə fəaliyyət göstərməyə başlamışdır. İlk seysmik kəşfiyyat işləri 1941-ci ilin yazında Bakı butasında aparılmışdır. Bununla da Xəzər dənizinin geofiziki öyrənilməsi tarixi başlayır.

Böyük öndər Heydər Əliyev özünün şah əsəri olan "Neft strategiyası"nın inkişafında və həmişəyaşarılığında Geofizika və Mühəndis Geologiyası İB-nin xüsusi yeri olduğunu qeyd etmişdir. İstər quruda, istərsə də dənizdə "Azəri", "Çıraq", "Günəşli" kimi yataqların geofiziki üsullarla kəşfiyyata təqdim edilməsini misal göstərmək olar. Geofiziki tədqiqatlarda diqqətəlayiq nəticələrin əldə olunması son illər ərzində yüksək ixtisaslı kadr potensialının yetişməsi, yeni texnika və texnologiyanın tətbiqi sayəsində mümkün olmuşdur. Bu sahədə "Xəzərdənizneftgeofizkəşfiyyat" trestinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır.

Trestin kollektivi öz öhdəsinə düşən tapşırıqları keyfiyyətlə yerinə yetirməklə böyük uğurlar qazanmışdır. Trest Xəzər dənizinin Azərbaycan, Qazaxıstan, Rusiya və İran sektorlarında geofiziki işlər aparmışdır. İşlənmiş profillərin ümumi uzunluğu 283.137 kilometrdir, Trest tərəfindən Xəzər dənizi hövzəsində dənizdibi, dənizüstü aeroqravimetrlik və maqnitometrik işlər də aparılmışdır. "Günəşli", "Çıraq", "Azəri", "8 Mart", "Bulla-dəniz", "Bahar", "Şah-dəniz" və başqa sənaye əhəmiyyətli karbohidrogen yataqları geofiziki üsullarla aşkar olunmuşdur. Trestin Xəzər dənizində aşkar etdiyi strukturların "Əsrin müqaviləsi"nin yaranmasında böyük rolu olmuşdur. Geofiziki tədqiqatların aparılması üçün trestin 5 elmi-tədqiqat gəmisindən istifadə edilir. Trest hal-hazıra qədər seysmik materialların emalı və interpretasiyası üzrə Şevron, Unocal, EkssonMobil, Vestern, Geophisikal kimi xarici firmalara 18 müqavilə əsasında xidmətlər göstərmişdir. Trestin kollektivi üçün normalara uyğun iş şəraiti yaradılmışdır. Gənc mütəxəssislərin bilik səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilir.

Belə böyük nailiyyətlərə imza atmış müəssisəyə elmi və iş təcrübəsi ilə geofiziklər arasında tanınmış bacarıqlı mütəxəssis, milli geofizikanın inkişafında böyük rolu olan dostum Davud Xanbaba oğlu Babayev rəhbərlik edir.

Davud Babayevin "Əsrin müqaviləsi"nin imzalanmasında da faydalı əməyi vardır. O bu kontraktın geofizika hissəsinin müəllifidir.

Davud Babayev Amerika SEG cəmiyyətinin və Azərbaycan Milli Geofizika Komitəsinin üzvüdür, 40-dan çox elmi əsərin və 16 ixtiranın müəllifidir.

Prinsipial, mənəviyyatca dəyanətli insan olan Davud Babayev respublikamızın və xarici ölkələrin mütəxəssisləri arasında böyük hörmət qazanmışdır. O, sözün əsl mənasında vətənsevər ziyalı, bacarıqlı insan, əvəzsiz mütəxəssis, halallığı sevən mərdanə dost, yoldaş, idarə rəhbəridir.

70 yaş ömrün müdriklik zirvəsidir. Bütün yaradıcı kollektivimiz adından, bütün saf ürəkli vətəndaşlar adından Davud müəllimi yetmiş illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, müstəqil Azərbaycanın neft sənayesinin tərəqqisi naminə yorulmaz fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Yüz yaşa, qardaş!

Akademik Ziyad Səmədzadə

MEDİA QALEREYA
VİDEO
  подробнее...
FOTO ALBOM
  подробнее...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Все права защищены. Сайт разработан  веб студией Lider